Xəqani Abdullayev: «Azərbaycan banklarının gəlirliyinin azalması ehtiyatlı kredit siyasətinin nəticəsidir»

Xəqani Abdullayev: «Azərbaycan banklarının gəlirliyinin azalması ehtiyatlı kredit siyasətinin nəticəsidir»
# 28 iyun 2012 13:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son vaxtlar Azərbaycan banklarının gəlirliyinin azalması daha ehtiyatlı kredit siyasətinin nəticəsidir və bunu təbii hal kimi qiymətləndirmək lazımdır. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, ötən əsrin sonunda müşahidə olunan qlobal maliyyə böhranından sonra – bum illərində (2003-2008-ci illərdə) Azərbaycanın bank sistemi sürətlə artıb (təxminən 10 dəfədən çox) və bütün dünyada olduğu kimi banklar böhrandan sonra kredit siyasətlərinə daha ehtiyatla yanaşmağa başlayıb: «Bu həm də Mərkəzi Bankın requlyator olaraq tələbidir. Bazel Komitəsinin tələblərinin yenilənməsi, kredit artımının müvafiq maliyyə ehtiyatları ilə təmin edilməsi və risk-menecmentdə ciddi standartların tətbiqi kreditləşməni daha sağlam əsaslarla aparılmasına səbəb olacaq. Bu da öz növbəsində faiz dərəcələrinin azalmasına gətirib çıxarır».

AMB rəsmisi onu da qeyd edib ki, bu gün Azərbaycan bank sistemi kifayət qədər yüksək maliyyə ehtiyatlarına malikdir.

«Kapitalın adekvatlığı 16-17%-dir, halbuki minimal tələb 12%-dir. Aktivlərin təxminən yarısına qədəri likvid aktivlərdən ibarətdir. Bütün bunlar maliyyə «yastığını» artıran amillərdir. Daha ehtiyatlı kredit siyasəti nəticəsində gəlirliyin azalmasını təbii hal kimi qiymətləndirmək lazımdır», - deyə X.Abdullayev bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR