Səməd Seyidov: Yalnız Ermənistan nümayəndə heyətinin mövqeyini nəzərə almaq AŞPA-ya başucalığı gətirmir”

Səməd Seyidov: Yalnız Ermənistan nümayəndə heyətinin mövqeyini nəzərə almaq AŞPA-ya başucalığı gətirmir”
# 01 oktyabr 2012 13:13 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, müzakirələrdə Azərbaycanın qurumdakı nümayəndə heyətin rəhbəri Səməd Seyidov da çıxış edib.

Səməd Seyidov AŞPA-nın dördüncü plenar müzakirəsi keçiriləcək “Ramil Səfərov məsələsi”ndə Azərbaycan nümayəndə heyətinin mövqeyinin öyrənilməməsinə, nümayəndə heyəti rəhbərinin Büronun iclasına dəvət edilməməsinə etirazını bildirib. O, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi kontekstində bütün məsələlərdə bir tərəfin deyil, hər iki tərəfin bərabər şəkildə mövqeyinin öyrənilməsinin vacibliyini vurğulayıb: “Cənab sədr, hər dəfə biz Assambleyada müzakirələr, fikir mübadiləsi apardıqda, siz bizdən daha obyektiv olmağımızı və bir-birimizin mövqeyini nəzərə almağımızı istəyirsiniz. Bildiyiniz kimi Avropa Şurasının üzvləri olan Azərbaycan və Ermənistan arasında münaqişə mövcuddur. Buna görə də hesab edirəm ki, AŞPA bütün məsələlərdə hər iki tərəfi eyni şəkildə dinləməlidir və üzv ölkələr arasında fərq qoymamalıdır. Bu, münaqişənin həlli istiqamətində müsbət nəticələr etmək üçün yeganə vasitədir. Amma mən bu gün Assambleyanın fəaliyyətinə dair hesabatı oxuduqda, mətnin ikinci bəndində görürəm ki, Ramil Səfərov məsələsini gündəliyə daxil etdikdə Büro Ermənistan nümayəndə heyəti rəhbərinin bəyanatını nəzərə alaraq bunu edib. O zaman niyə bu məsələni qəbul etdikdə Azərbaycan tərəfinin rəyini dinləməmisiniz? Niyə bizə imkan verilmədi ki, öz tərəfimizdən bu məsələ ilə bağlı izahatımızı verək? Niyə bizi xəbərdar etmirsiniz, niyə biz Büronun dinləmələrinə rəsmi dəvət almamışıq?”

Səməd Seyidov qeyd edib ki, müzakirələrdə Azərbaycan tərəfinin də aydınlıq gətirməsi məsələnin obyektivliyi baxımından daha düzgün olardı: “Çünki Ramil Səfərov məsələsi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə sıx bağlıdır. Bu məsələdə hər iki ölkənin mövqeyi dinlənilməli idi - həm Ermənistanın, həm də Azərbaycanın. Ən düzgün yol isə Azərbaycanın mövqeyini öyrənmək idi. Bu məsələ ilə bağlı müzakirələrin keçirilməsinə qərar verildi, ancaq bilməlisiniz ki, Ramil Səfərov məsələsinə Dağlıq Qarabağ münaqişəsi kontekstində baxılmalıdır. İllərdir ki, biz Assambleyada tərəflər arasında dialoqun bərpa olunmasını tələb etmişik, amma bu gün məndə elə təəssürat yaranır ki, siz yalnız Ermənistan nümayəndə heyətinin mövqeyini nəzərə alırsınız. Hesab edirəm ki, bu, AŞPA üçün heç də yaxşı bir hal deyil və təşkilata başucalığı gətirmir. Buna görə də biz Assambleyadan və onun Bürosundan tələb edirik ki, Azərbaycan tərəfinin də mövqeyi nəzərə alınsın və bu məsələ obyektiv şəkildə təhlil edilsin”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR