Gürcü politoloqu: “Yeni iqtidar Azərbaycanla münasibətləri olduğu kimi saxlamalı və dərinləşdirməlidir”

Gürcü politoloqu: “Yeni iqtidar Azərbaycanla münasibətləri olduğu kimi saxlamalı və dərinləşdirməlidir”
# 22 oktyabr 2012 07:30 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri gürcü politoloqu Vasili Çkoidze deyib. Politoloq yeni parlamentin təsdiqi və onun, eyni zamanda hakimiyyətə gələn yeni qüvvələrin rolu barədə fikirlərini açıqlayıb. “Yeni parlamentə və hakimiyyətə gəlincə, demək istəyirəm ki, prinsipcə onlar çox söz verirlər. Parlamentin işi konstruktiv və sülh şəraitində keçdi. Bizim balanslaşdırılmış parlamentimiz var. İndiyədək belə olmamışdı. Gürcüstan belə bir parlament görməmişdi. İndi güclü müxalifət var. İndi hüquqi gücü olan partiya var. Bu, bütün konstitusion məsələlərin, resursların məsləhətləşmə yolu ilə həll edilməsinin qarantıdır.”

Politoloq Rusiya-Gürcüstan münasibətlərində yeni bir dəyişiklik olmayacağını proqnozlaşdırıb: “Rusiya-Gürcüstan münasibətlərində güclü dəyişikliklər gözləmirəm. Bu münasibətlərdə sentimental dəyişikliklər ola bilər. Proqnozuma görə, bu siyasətin ritorikası dəyişə bilər, başqa heç nə. Fikirləşirəm ki, beynəlxalq təzyiqin təsiri olmadan Rusiya Gürcüstanın işğal olunan ərazilərini əldən buraxmaz”.

Azərbaycanla Gürcüstanın strateji tərəfdaş olduğunu bildirən politoloq bu münasibətlərin indiki hakimiyyət üçün də prioritet məsələ olacağını bildirib: “Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır. Bunu hakimiyyətə gələn hər bir hökumət bilir və bizim hökumət də bunda maraqlıdır. İqtidarın iqtisadi və təhlükəsizlik, kənd təsərrüfatı, ticarət maraqları Azərbaycanla üst-üstə düşür. Biz təbii strateji tərəfdaşıq. Ona görə də hər dəfə istər Azərbaycanda, istərsə də Gürcüstanda hakimiyyətə gələn hökumət bilməlidir ki, bu əməkdaşlıq və münasibətləri olduğu kimi saxlamaq və dərinləşdirmək lazımdır. Azərbaycanla əməkdaşlıq və münasibətlərin yaxşılaşdırılması Gürcüstan üçün həmişə prioritet məsələ olaraq gündəmdə durur”.

Politoloq son günlər Ermənistan və Azərbaycan arasında gedən münaqişənin müharibəyə çevriləcəyi təqdirdə Rusiyanın Ermənistana kömək edəcəyi barədə fikirləşmədiyini bildirib: “Belə faciəli versiyalara mən baxmıram. Amma mən düşünmürəm ki, Gürcüstan öz ərazisindən Rusiyanın istifadəsinə yol verə bilər. Bizim hələ Rusiya ilə diplomatik əlaqələrimiz yoxdur. Torpaqlarımız işğal olunub. Buna görə də Rusiyanın Gürcüstan ərazisindən istifadə etmək istəməsi absurddur. Mən Rusiyanın hücumla ərazimizdən keçəcəyini də düşünmürəm. Bu, Gürcüstanın razılığı ilə də baş verə bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR