Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Beyləqan Ovçuluq və Balıqçılıq idarəsinin sədrinin öldürülməsi ilə bağlı birgə məlumat yayıb

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Beyləqan Ovçuluq və Balıqçılıq idarəsinin sədrinin öldürülməsi ilə bağlı birgə məlumat yayıb
# 23 oktyabr 2012 16:15 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 21-də, gecə saat 00:30 radələrində Beyləqan rayon sakinləri Allahyar Süleymanov, Ruslan Alxanov və Əbülfət Cəfərovun odlu silah yaraları ilə Beyləqan Mərkəzi rayon xəstəxanasına daxil olmaları, A. Süleymanovun aldığı güllə yarasından həmin gün orada ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcələsinin 124.1-ci (ehtihatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, oktyabrın 20-də saat 24 radələrində Beyləqan, Xocavənd, Ağdam, Laçın rayonları üzrə Ovçuluq və Balıqçılıq idarəsinin sədri Allahyar Süleymanov idarə etdiyi avtomobillə Beyləqan rayonunun Yeni Mil qəsəbəsi yaxınlığında hərəkətdə olarkən Beyləqan şəhər sakinləri Ruhi Mahmudov, Mahir Əliyev, Mahir Hüseynov, Vasif Əsədov və Natiq Muradxanovun orada ov etdiklərini görüb. A. Süleymanov qanunsuz ov etdiklərinə görə həmin şəxslərdən özlərində olan ov silahlarını vermələrini tələb edib. Lakin tələb yerinə yetirilmədiyindən A. Süleymanov tüfəngi dartıb almağa cəhd göstərərkən atəş açılıb, bu zaman sonuncu baş nahiyəsindən, həmçinin yaxınlıqdakı Beyləqan rayon sakinləri Ruslan Alxanov və Əbülfət Cəfərov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

İş üzrə təxirəsalınmaz istintaq hərəkətlər həyata keçirilib, o cümlədən şahidlər dindirilib, məhkəmə-tibb, məhkəmə-ballistik, kompleks tibbi-kriminalistik, bioloji ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Oktyabrın 23-də Mahir Əliyevə Cinayət Məcələsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR