Argentinanın turizm naziri: “Ölkəmiz təkcə Maradona və Messidən ibarət deyil” - FOTO

Argentinanın turizm naziri: “Ölkəmiz təkcə Maradona və Messidən ibarət deyil” - <font color=red>FOTO</font>
# 11 fevral 2012 10:33 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Argentinanın turizm naziri Karlos Enrike Meyer ölkəsinin turizm imkanları ilə bağlı Bakıda keçirilən təqdimat mərasimində deyib. Argentinanın bütün dünyada daha çox futbolla tanındığını etiraf edən nazir, ölkəsinin turizm imkanlarının da olduğunu söyləyib: “Ölkəmiz təkcə tanqo, futbol, Maradona və Messidən ibarət deyil”.

Dediklərinə sübut olaraq nazir bildirib ki, 2011-ci ildə Argentinaya 6 milyon turist gəlib, ölkə xarici turizmdən 5,4 milyard dollar gəlir götürüb. Statistikaya əsasən ölkəyə turistlərin 36%-i digər Cənubi Amerika ölkələrindən gəlir. Qalan hissə Avropa, ABŞ və digər ölkələrin payına düşür. Ötən il Argentinadan başqa ölkələrə 6,5 milyon nəfər turist gedib. Ölkədaxili turizmdə isə 42 milyon nəfər iştirak edib. 2004-2010-cu illərdə Argentina iqtisadiyyatı 10 dəfədən çox artıb, bu illərdə infrastruktura 8,4 milyard dollar yatırılıb.

Argentinanın turizm imkanları barədə təqdimatda bildirilib ki, ölkədə çoxsaylı milli parklar var. Buzlu park UNESCO tərəfindən qorunur. Burada aysberqlər, köpək balıqları və suitilər görmək olar. Valdes yarımadası isə təbiəti sevənlər üçün xüsusilə maraqlı ola bilər, burada maraqlı canlılar, o cümlədən pinqvinləri görmək mümkündür.

Qeyd olundu ki, Azərbaycanla Argentina arasında məsafə böyük olsa da, hava uçuşları ilə bağlı problem yoxdur. Argentinaya dünyanın 100-dən artıq şəhərindən birbaşa uçuşlar həyata keçirilir. Azərbaycanlılar isə bu ölkənin paytaxtı Buenos-Ayresə “Qatar Airwais” və Türk Hava Yolları vasitəsilə uça bilərlər.

Tədbirdə iştirak edən turizm şirkətlərinin nümayəndələri Argentinaya gedən turistlər üçün viza alınması prosesinin mürəkkəbliyindən, tələb olunan sənədlərin çoxluğundan şikayətləndilər. Belə ki, hazırda bu ölkəyə səfər edən azərbaycanlı turistlər vizaları Argentinanın Türkiyədəki səfirliyindən almalı olurlar. Cavabında Argentina nümayəndələri bu prosesin sadələşdirilməsinə kömək edəcəklərini söyləyərək bu məsələnin birdəfəlik həlli üçün Azərbaycanda səfirlik açılmasına çalışacaqlarını vurğulayıblar.

Turizm nazirinin Azərbaycanın dövlət başçısı ilə görüşə getməsindən sonra tədbiri davam etdirən Argentina Turizm Nazirliyinin idarə rəisi Enriko Namurabi deyib ki, ümumiyyətlə, Argentina islam ölkələri ilə əlaqələrin yaranmasında və güclənməsində maraqlıdır: “Çünki bu ölkələrin sakinləri Argentinanın yaranmasına öz töhfələrini veriblər”.

Azərbaycanlı turistlər üçün Argentinada hansı məhsulların maraqlı ola biləcəyi haqda suala cavabında qonaq bu sahədə Türkiyənin təcrübəsindən istifadə etməyi məsləhət görüb: “Bizim dost və qardaş ölkələrimizdən biri Türkiyədir. Bu yaxınlarda Argentina ilə Türkiyə arasında ticarət dövriyyəsi 1 milyard dollara çatıb. Türklər Argentinadan nə gətirirlərsə, azərbaycanlılar da ondan gətirməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR