YAP-çı gənclər “Böyük xalq dəstəyi” adlı bloq yaradıb

YAP-çı gənclər “Böyük xalq dəstəyi” adlı bloq yaradıb
# 01 mart 2012 16:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndələri üçün keçirilmiş ikigünük seminarlarda İKT ilə bağlı gəncləri maraqlandıran məsələlər izah olunub, xüsusilə sosial şəbəkələrdə bu və digər mövzularla bağlı gedən müzakirələrdə fəal iştirak imkanları haqda fikir mübadiləsi aparılıb”. APA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) saytına YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sosial şəbəkələrdə təşviq olunur və bu işin daha da genişləndirilməsi əsas vəzifələrdən biridir: “Partiyamızın gəncləri “Böyük xalq dəstəyi” adlı internet şəbəkədə bloq açıblar. Bloqda Azərbaycan hakimiyyətinin bütövlükdə həyata keçirdiyi siyasət təşviq olunur”.

O bildirib ki, Ermənistanın lobbi qrupları və ayrı-ayrı ölkələrdəki nümayəndələri internet saytlarında Azərbaycanın mövcud vəziyyəti, daxili və xarici siyasəti ilə bağlı yanlış məlumatlar yaymaqdadırlar: “Gənclərimiz ermənilərin sosial şəbəkələrdə yaydığı yalanları ifşa etmək istiqamətində ciddi fəaliyyət göstərirlər. Eyni zamanda, bir istiqamətimiz də ölkə daxilində bəzi müxalifət partiyalarının Azərbaycan hakimiyyətinə qarşı yönələn yalanlarını ifşa etmək və onlarla sosial şəbəkələrdə faktların dili ilə danışaraq Azərbaycan haqqında həqiqətləri bir daha çatdırmaqdır”.

Qeyd edək ki, bundan əvvəl müxalifətçi gənclər məşhur sosial şəbəkələrdə “Böyük xalq hərəkatı” səhifəsini yaradıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR