Vakant dövlət qulluğuna elan edilmiş müsabiqənin nəticələri açıqlanıb

Vakant dövlət qulluğuna elan edilmiş müsabiqənin nəticələri açıqlanıb
# 04 aprel 2012 13:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 4, 21 oktyabr və 4 noyabr 2011-cu il tarixlərdə 97 dövlət orqanı üzrə 888 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunan müsabiqənin nəticələrini açıqlayıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsi 2011-ci il 25 noyabr – 2012-ci il 14 yanvar tarixlərdə, müsahibə mərhələsi isə 2011-ci il 20 dekabr - 2012-ci il 9 mart tarixlərdə keçirilib. Müsabiqədə iştirak etmək üçün 5283 namizəd qeydə alınıb. Onlardan 1258 nəfəri (bütün namizədlərin 23,81 faizi, test imtahanında iştirak edən 4025 namizədin 31,25 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak ediblər. Namizədlərdən 1227 nəfəri (bütün namizədlərin 23,23 faizi) test imtahanında iştirak etməyib. Test mərhələsini uğurla başa vuran namizədlərdən 535 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə, 392 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 331 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Test mərhələsində uğur qazanmayan 15 namizəd öz istifadə edərək apellyasiya şikayəti ilə Komissiyaya müraciət edib. Onlardan yalnız 1 namizədin şikayəti təmin olunub.

Müsahibədə iştirak etmək hüququ olan 1258 namizəddən 1008 nəfəri bu hüquqdan istifadə edərək müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 65 nəfəri müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edən 943 namizəddən 325 (34,46 faiz) nəfəri vakant vəzifələrə uyğun bilinib. 39 dövlət orqanı üzrə müsabiqədə iştirak etmiş namizədlərdən uğur əldə edən olmayıb. Müsahibənin nəticələri ilə razı olmayan 40 namizəd öz hüququndan istifadə edərək, həmin nəticələr Komissiyanın rəsmi internet saytında yerləşdirildiyi gündən 5 iş günü müddətində Komissiyaya apellyasiya şikayəti ilə müraciət edib. 31 namizədin apelyasiya şikayəti təmin olunmayıb. Apellyasiya şikayəti təmin olunan namizədlərdən 7-si iddia etdiyi vəzifəyə uyğun hesab edilib. Apellyasiya şikayəti təmin olunan namizədlərdən 2-si ilə yeni müsahibə təşkil edilib və yeni müsahibə nəticəsində namizədlər iddia etdikləri vakant vəzifələrə uyğun bilinib.

Komissiya sədrinin əmri ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları”nın 15-ci bəndinə uyğun olaraq, müsahibə qrupunun üzvü namizədi bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və müvafiq vəzifə üçün zəruri olan digər keyfiyyətlər üzrə beşballı qiymət sistemi üzrə qiymətləndirir. Müsabiqənin müsahibə mərhələsində müsahibə qrupunun üzvlərinin namizəd barəsində verdiyi ümumi ballar arasında əhəmiyyətli fərq (4 və daha çox bal) olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda Komissiyanın sədri tərəfindən müsahibənin nəticəsi ləğv edilə bilər. Qaydaların bu tələbinə uyğun olaraq 2 müsahibənin nəticələrinin qiymətləndirilməsi zamanı müsahibə qrupu üzvlərinin verdiyi ballarda əhəmiyyətli fərq yarandığından müsahibənin nəticəsi ləğv edilib və yeni müsahibə keçirilib. Yeni müsahibə nəticəsində hər iki namizəd iddia etdiyi vakant vəzifəyə uyğun bilinib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR