Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasını «Metsamor» AES-in fəaliyyətini dərhal dayandırmağa çağırıb

Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasını «Metsamor» AES-in fəaliyyətini dərhal dayandırmağa çağırıb
# 21 aprel 2012 15:16 (UTC +04:00)
Ölkəmiz müstəqilliyinin ilk günlərindən nüvə təhlükəsizliyinin təmin edilməsinə böyük əhəmiyyət verir». APA-nın «AzərTAc» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev qurumun Təhlükəsizlik Şurasının nüvə təhlükəsizliyi üzrə brifinqində bildirib.

Hazırda BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik edən ABŞ-ın təşəbbüsü ilə keçirilən brifinq ABŞ-ın 2009-cu ilin sentyabrında nüvə təhlükəsizliyi və kütləvi qırğın silahlarının qarşısının alınması üzrə zirvə toplantısının davamı kimi terrorçuların nüvə materialları və texniki yardıma çıxışını kəsmək üçün BMT-nin üzvü olan dövlətlərə TŞ-nin müvafiq qətnamələrinə uyğun surətdə səmərəli tədbirlər həyata keçirmək vəzifəsini xatırlatmaq məqsədi daşıyır.

A.Mehdiyevin sözlərinə görə, coğrafi yerləşməsini nəzərə alaraq Azərbaycan öz ərazisindən qanunsuz nüvə materiallarının daşınmasının qarşısının alınmasına ciddi diqqət yetirir. Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və beynəlxalq standartlara əsaslanaraq Azərbaycan ixraca nəzarətlə bağlı mükəmməl hüquqi baza formalaşdırıb: «Lakin, təəssüflər olsun ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davamlı işğalı dövlət sərhədinin əhəmiyyətli məsafəsi üzrə nəzarəti mümkünsüz edir».

Nüvə təhlükəsizliyi və kütləvi qırğın silahlarının qarşısının alınması məsələlərinin biri-biri ilə bağlı olduğunu diqqətə çatdıran səfir A.Mehdiyev ümid etdiyini bildirib ki, Azərbaycanın Cənubi Qafqaz bölgəsini nüvədən azad zonaya çevirmək təklifi həm qonşu dövlətlər, həm də beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək. Bu baxımdan, Ermənistan ərazisində vaxtı ötmüş «Metsamor» Atom Elektrik Stansiyasının mövcudluğu ciddi narahatlıq yaradır. Diplomat diqqətə çatdırıb ki, beynəlxalq müşahidəçilərin rəyincə, bu stansiyanın reaktoru köhnə, Sovet İttifaqı və Şərqi Avropada altı sovet reaktorundan ən etibarsızı hesab edilərək bütün bölgəyə təhlükə yaradır. Bundan əlavə, yüksək seysmik zonada yerləşən «Metsamor»un yerli ərazidə reaktorunu soyudacaq kifayət qədər su ehtiyatları mövcud deyil. Azərbaycan tərəfi bütün bunları nəzərə alaraq, «Metsamor» AES-in fəaliyyətini gələcəkdə hər hansı faciəvi qəzadan qorunmaq üçün dərhal dayandırmağa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR