Beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadiyyatına rəy verib

Beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadiyyatına rəy verib
# 26 may 2012 10:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycana həsr olunan illik kredit icmalında bildirir ki, ölkənin “Baa3” səviyyəsində olan reytinqi (proqnoz “sabit”) neft gəlirlərinin nəticəsi olan güclü maliyyə mövqeləri ilə bağlıdır.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, ölkənin iqtisadiyyatı hələ də böyük deyil (2011-ci ildə ÜDM-in həcmi 63,4 mlrd. dollar səviyyəsində olub) və adambaşına düşən ÜDM-in həcmi sürətlə artsa da, iqtisadiyyatın neftdən asılılığı böyükdür.

Eyni zamanda agentlik bildirir ki, Azərbaycanın maliyyə mövqeyi güclüdür, çünki dövlət borcunun həcmi ÜDM-in cəmi 10,5%-ni təşkil edir və borclar çox kiçik faizlərlə cəlb edilib. Bundan əlavə, borclarının 90%-i uzunmüddətli olduğundan, borc strukturu sağlam qiymətləndirilir. Əlavə olaraq ölkənin 40 mlrd. dollar həcmində olan xarici aktivlərinin olması da maliyyə mövqeyini gücləndirir.

Agentlik həmçinin bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olan regional gərginlik ölkə üzrə risklərin qiymətləndirilməsində mənfi amildir. Lakin eyni zamanda Azərbaycanın karbohidrogen sahəsi Avropa ilə sıx əlaqəli olduğundan, hərbi əməliyyatların bərpa edilməsi ehtimalı çox aşağı qiymətləndirilir. Agentlik qeyd edir ki, Azərbaycanın böyük ehtiyatlara sahib olması neftlə bağlı olan risklərə dözümlüyünü gücləndirir və hər hansı ciddi maliyyə zərbələrinin azalmasına imkan verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR