Bu ilin ilk beş ayında Azərbaycanda kənd təsərrüfatı istehsalı 7%-dən çox artıb

Bu ilin ilk beş ayında Azərbaycanda kənd təsərrüfatı istehsalı 7%-dən çox artıb
# 18 iyun 2012 12:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk beş ayı ərzində Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu ötən ilin yanvar-may aylarına nisbətən 7,1% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin may ayında yaz-tarla işləri davam etdirilərək iyun ayının 1-dək 351,4 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 29,1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 33,7 min hektar sahədə dən üçün qarğıdalı, 65,3 min hektar sahədə kartof, 73,1 min hektar sahədə tərəvəz, 29,3 min hektar sahədə pambıq çiyidi, 28,2 min hektar sahədə bostan bitkiləri, 3,7 min hektar sahədə şəkər çuğunduru, 9,5 min hektar sahədə dən üçün günəbaxan və 1,5 min hektar sahədə tütün əkilib.

«Ölkədə əsas bitkiçilik məhsullarının yığımına başlanıb. Sahələrdən 49,3 min ton və ya keçən ilə nisbətən 1,2% çox kartof, 71,8 min ton və ya 10,3% çox tərəvəz, 7,3 min ton və ya 52,8% çox meyvə və giləmeyvə yığılıb, çay plantasiyalarından 237,8 ton, yaxud 13,8% az yaşıl çay yarpağı toplanıb», - deyə Komitədən bildirilib.

Eyni zamanda havaların isti keçməsi ilə əlaqədar cari ildə taxıl biçininə bir qədər tez başlanılıb və iyunun 1-i vəziyyətinə ölkədə 19,1 min hektar sahədən 47,5 min ton taxıl məhsulu götürülüb.

Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən ötən vaxt ərzində diri çəkidə ət istehsalı 3,4% artaraq 173,2 min tona, süd istehsalı 7,2% artaraq 699,6 min tona, yumurta istehsalı 12,2% artaraq 495,2 mln. ədədə çatıb, ötən ildəkindən 5,8% çox və ya 12,7 min ton yun qırxılıb.

«Kənd əməkçilərinin səyi nəticəsində 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 23,1%, heyvandarlıq məhsulları istehsalı 5,4%, kənd təsərrüfatının ümumi məhsulu isə 7,1% artıb», - deyə Komitədən qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR