Fərhad Məmmədov: “Ermənistanda sosial gərginlik artmaqdadır”

Fərhad Məmmədov: “Ermənistanda sosial gərginlik artmaqdadır”
# 21 sentyabr 2012 10:12 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov SAM-ın keçirdiyi brifinqdə “Ermənistanda seçkiqabağı siyasi vəziyyət” mövzusunda çıxışı zamanı deyib.

O qeyd edib ki, rəsmi İrəvanın bir sıra daxili və xarici siyasi məsələlərə münasibəti, o cümlədən Qoşulmama Hərəkatının Tehran sammitində, NATO-nun Çikaqo sammitində iştirakdan imtina haqqında qərarlar qəbul etməsi Ermənistanın müstəqillik elementlərini azaldır, onun Rusiya, ABŞ və Avropa arasında manevr qabiliyyətini də məhdudlaşdırır.

“Digər tərəfdən, Azərbaycan Respublikasının fəal xarici siyasəti Ermənistana öz xarici siyasət kursunu yürütmək imkanlarını nəzərəçarpacaq dərəcədə zəiflətməkdədir. Azərbaycanın artan təzyiqləri Ermənistan rəhbərliyində özünəinamsızlıq hissi yaratmaqdadır. Çünki, artıq onların beynəlxalq ictimaiyyətə nə isə təqdim etmək potensialı yoxdur. Bu, Azərbaycana imkan verir ki, beynəlxalq aləmə sübut etsin ki, Ermənistanın bugünkü ağır vəziyyəti onun işğalçı siyasətinin davam etdirməsi ilə bağlıdır”.

Fərhad Məmmədovun fikrincə, prezident seçkiləri ərəfəsində yaranmış siyasi vəziyyət Ermənistan dövlətçiliyinin nə dərəcədə kövrək və müdafiəsiz olduğunu açıq şəkildə nümayiş etdirir. Bu baxımdan, 2013-cü ilin fevral ayınadək Ermənistanın bir sıra məsələlərdə daha sərt mövqe tutacağı gözlənilir: “Belə ki, burada “xarici düşmən” amili ölkəyə nəzarəti əldə saxlamağa imkan verən yeganə element olaraq qalmaqdadır”.

Ermənistanda müxalifətin vəziyyəti barədə danışan Fərhad Məmmədov bildirib ki, son parlament seçkiləri göstərdi ki, müxalifət üst-üstə 20 faiz səs toplaya bilməyib. Bunun səbəbinin Ermənistanda mövcud olan ağır sosial-iqtisadi vəziyyətlə izah edən Fərhad Məmmədov qeyd edib ki, beynəlxalq təşkilatlarının təsdiq etdiyi kimi, Ermənistanda seçkilərdə ən böyük amil seçicilərin səslərinin pulla alınmasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR