Bolqarıstan Milli Televiziyası və Azərbaycan İctimai Televiziyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bolqarıstan Milli Televiziyası və Azərbaycan İctimai Televiziyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 05 oktyabr 2012 14:37 (UTC +04:00)
Bakı – APA. Bu gün Avropanın 53 illik tarixə malik Bolqarıstan Milli Televiziyası ilə (BNT) Azərbaycan İctimai Televiziyası (İTV) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

APA-nın xəbərinə görə, sənəd iki kanal arasında ictimai yayımçılığın bütün sahələrini əhatə edən əməkdaşlığı nəzərdə tutur.

BNT-nin direktoru Vyara Ankova İTV-nin kollektivi ilə görüşündə Bolqarıstan Milli Televiziyası Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb: “Avropa Yayımları Birliyinə üzv olan hər iki kanalın əməkdaşlığı xalqlar arasında mövcud əlaqələrin bundan sonra da uğurla inkişafına öz töhfəsini verəcək”. Fəaliyyət göstərdiyi 7 ildə İTV-nin böyük uğurlara imza atdığının şahidi olduğunu deyən Vyara Ankova kanallar arasında əməkdaşlıq sahəsində əhəmiyyətli layihələrin reallaşacağına da əminlik ifadə edib.

İTV-nin baş direktoru İsmayıl Ömərov bildirib ki, media işçiləri arasındakı bu əməkdaşlıq xalqların bir-birinin tarixini, mədəniyyətini daha da yaxından tanımasına şərait yaradacaq. Qeyd olunub ki, ortaq yayımlar hər iki kanal əməkdaşlarının təcrübə mübadiləsi baxımından da olduqca əhəmiyyətlidir. Tərəflər əməkdaşlığın dərinləşməsinə xidmət edən bu müqavilədən məmnun qaldıqlarını ifadə ediblər.

Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini də vurğulayan Vyara Ankova Bakıda keçirilən beynəlxalq forumun əhəmiyyətinə də toxunub: “Ölkənizi çox sevdim. İnsanları, memarlığı diqqətimi çəkdi. Çox qonarpərvərsiniz. Ən əsası isə dünyada problemlərin çox olduğu bir vaxtda Bakıda beynəlxalq humanitar forumun keçirilməsi mənim bu fikirlərimi bir daha təsdiqlədi. Hesab edirəm ki, bu forum humanitar sahədə çox ciddi addımdır. Forum çərçivəsində aparılan müzakirələr ölkələr arasında humanitar əlaqələrin inkişafına müsbət təsir göstərəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR