Azərbaycan yeni neft emalı zavodunda neft məhsullarını «Euro-5» standartına uyğun istehsal edəcək

Azərbaycan yeni neft emalı zavodunda neft məhsullarını «Euro-5» standartına uyğun istehsal edəcək
# 10 aprel 2012 12:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda yaradılacaq yeni neft-qaz və neft-kimya kompleksində (NQNK) xammal kimi Rusiya neftindən istifadə olunacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) NQNK layihəsi məsələləri üzrə Departamentinin rəis müavini Şamil Həkimov bildirib.

Ş.Həkimovun sözlərinə görə, Kompleksə daxil olacaq yeni Qaz Emalı Zavodunda xammal kimi ölkədə hasil edilən təbii və səmt qazından istifadə olunacaq, lakin bura «Şahdəniz» qazı aid edilməyəcək. İstifadə olunan neftin 70%-ni «Neft Daşları» və «Şirvan» yataqlarından çıxarılan neft, 30%-i isə «Azeri Light» nefti təşkil edəcək. Yerli neftlə yanaşı alternativ kimi xarici neft markalarından da istifadə olunacaq.

Ş.Həkimov bildirib ki, bu məqsədlə Qazaxıstanın «Tengiz» və Rusiyanın «Urals» neftindən də istifadə olunacaq. Kompleksə daxml olacaq yeni Neft Emalı Zavodunda 3 mln. ton benzin (80%-i A95, 20%-i A98), 3,5 mln. ton dizel yanacağı, 1,75 mln. ton reaktiv yanacaq və digər məhsullar istehsal ediləcək.

Ş.Həkimov qeyd edib ki, bu hesablamalar aparılarkən Azərbaycanın 2040-cı ilədək olan tələbatı əsas götürülüb. Bütün bu məhsullar «Euro-5» standartına uyğun olacaq.

Qeyd edək ki, kompleks Neft Emalı Zavodu, Qaz Emalı Zavodu, Neft-Kimya Zavodu və istilik enerjisi mərkəzlərindən ibarət olacaq. Qaz Emalı Zavodunun illik istehsal gücü 10 mlrd. kubmetr olacaq və gələcəkdə onun daha 50% artırılması planlaşdırılır. Kompleks çərçivəsində tikiləcək Neft Emalı Zavodunun illik istehsal gücü isə 10 mln. ton olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR