FİFA rəsmisi: “İnanırıq ki, Azərbaycandakı dünya çempionatı yüksək səviyyədə keçiriləcək”

FİFA rəsmisi: “İnanırıq ki, Azərbaycandakı dünya çempionatı yüksək səviyyədə keçiriləcək”
# 16 fevral 2012 12:25 (UTC +04:00)
Bakı – APA. “Bu gün Sürixdə FİFA-nın baş qərargahında Azərbaycandan olan üç milli dəstəkçini görməkdən həqiqətən də məmnunluq duyuruq. Bu cür əhəmiyyətli tədbiri təşkil etdiyimizə və bu nümayəndələrlə görüşdüyümüzə görə sevinirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri FİFA-nın Qadın Yarışları üzrə Departamentinin rəisi Tatyana Haenni deyib. Azərbaycan nümayəndə heyəti ilə İsveçrədə keçirdikləri görüş haqda AFFA-nın rəsmi saytına fikirlərini bildirən xanım Haenni tərəfdaşların işə göstərdiyi fəallıqdan razı qalıb: “FİFA olaraq bizim üçün çox ürəkaçan haldır ki, çempionata bir neçə ay qalmış artıq üç yerli tərəfdaş var. Onlar dünya çempionatının təbliğatı çərçivəsində aktiv şəkildə əməkdaşlıq edəcəyimizə söz verdilər və bu, bizi sevindirir. Təbii ki, işin əsas qismi Yerli Təşkilat Komitəsi və AFFA vasitəsilə həyata keçirilir. Amma yenə də bu şirkətlər tərəfindən bu cür dəstəyi hiss etmək onu göstərir ki, Azərbaycanda qarşıdan gələn dünya çempionatına çox böyük önəm verilir”.
Haenni FIFA olaraq ümumilikdə çempionata hazırlıqdan çox məmnun olduqlarını bildirib: “Yerli Təşkilat Komitəsi çox həvəslə, var gücü ilə bu tədbirə hazırlaşır və hesabatlardan alınan müsbət rəy bizi sevindirir. Əminik ki, bu tədbir həm Azərbaycan, həm də futbolla məşğul olan qızlar üçün çox gözəl keçəcək və bu möhtəşəm yarışdan sonra daha çox qızlar, oğlanlar futbola cəlb olunacaq. Bir sözlə, inanırıq ki, Yerli Təşkilat Komitəsi və AFFA-nın birgə səyi sayəsində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 yüksək səviyyədə keçiriləcək”.
Qeyd edək ki, FİFA-nın rəsmiləri dünya çempionatının yerli tərəfdaşları – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Xalq Bank və Bakcell şirkətinin nümayəndələri ilə görüşüb. Tədbirdə çempionatın yerli tərəfdaşlarına FİFA-nın sertifikatı təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR