Ukraynada elan olunmuş “Xocalı ayı” tədbirlərinə Xarkovda start verilib - FOTOSESSİYA

Ukraynada elan olunmuş “Xocalı ayı” tədbirlərinə  Xarkovda start verilib - <font color=red>FOTOSESSİYA</font>
# 15 fevral 2012 07:25 (UTC +04:00)
APA-nın məlumatına görə, Xarkov vilayət administrasiyası rəsmilərinin, Azərbaycan diaspora fəallarının, yerli televiziya və KİV nümayəndələrinin qatıldığı ilk anım mərasimində aradan 20 il ötməsinə baxmayaraq beynəlxalq təşkilatların Xocalı soyqırımına hüquqi siyasi qiymət verməməsi tarixi ədalətsizlik kimi qiymətləndirilib.

Tədbir iştirakçıları Xocalı qurbanlarının anim mərasiminə Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin Xarkov şəhərindəki xatirə lövhəsinin önünə tər çiçəklər qoymaqla qatılıblar. Xarkov vilayət administrasiyası rəsmilərinin, Azərbaycan diaspora fəallarının, yerli televiziya və KİV nümayəndələrinin qatıldığı ilk anım mərasimini Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının sədri Qurban Abbasov açaraq 20 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi qırğınları son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş işğalçılıq və soyqırımı siyasətinin məntiqi davamı kimi dəyərləndirib. Mərasimdə diaspora fəallarından Hacı Amil Abdullayev, Kifayət Cəfərova, Sabir İsmayılov Xarkov Dostluq Cəmiyyətinin sədri Murad Ömərov və digər soydaşlarımız çıxış edərək ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasından, təcavüz nəticəsində 1 milyondan çox insanın öz doğma yurd yerlərindən didərgin salınmasından danışıblar. Natiqlər erməni qəsbkarlarının Xocalı şəhərində törətdikləri vəhşilikləri qəddarlıq baxımından bəşər tarixinin ən amansız salnaməsi kimi səciyyələndiriblər.

Sonra mərasimə qatılanlar Heydər Əliyev Fondunun xətti ilə hazırlanmış “Xocalı soyqırımı” filminə baxmaqla ermənilərin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri vəhşiliklərlə tanış olublar.

“Xocalıda baş verən qanlı faciə insanlığa yönəlik bəşəri bir cinayətdir”. Filmə baxdıqdan sonra bu devizlə çıxış edən Xarkov şəhər Radasının deputatı Alla Bobeyka, Ümumukrayna Gürcü cəmiyyətinin sədri Zurab Kiriya və bir sıra xalqların diaspora rəhbərləri aradan 20 il ötməsinə baxmayaraq dünya birliyinin və beynəlxalq təşkilatların belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndiriblər.

Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər gənclər çıxış edərək, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kompaniyası çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən tədbirlərin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını vurğulayıblar. Onlar gec-tez dünya birliyinin və beynəlxalq təşkilatların ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqırımı siyasətinə hüquqi siyasi qiymət verəcəklərinə əmin olduqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR