Bolnisidə əsaslı təmirdən sonra Mədəniyyət evi istifadəyə verilib

Bolnisidə əsaslı təmirdən sonra Mədəniyyət evi istifadəyə verilib
# 22 aprel 2012 00:21 (UTC +04:00)
Bolnisi. Nizami Məmmədzadə-APA. Aprelin 21-də azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Darvaz kəndində Valeh Hacılar adına Mədəniyyət Evinin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Mədəniyyət Evinin açılmamışdan oncə Türkiyədən, Azərbaycandan, Dağıstandan, Tiflisdən, Nalçik şəhərindən və digər ölkələrdən gələn qonaqlar Borçalı Qarapapaq el-ağız ədəbiyyatını, zəngin folklorunu tədqiq edən ilk Borçalışünaslardan biri olan professor.dr.Valeh Hacıların qəbrini ziyarət ediblər. Sonra bərpadan sonra Darvaz kənd Mədəniyyət Evinin açılış mərasimini Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov aparıb. Quberniya rəsmisi bildirib ki, professor Valeh Hacılar Sulxan Səba Orbeliyani adına İnstitutun Azərbaycan dili və Ədəbiyyatı kafedrasının müdiri, ictimai xadim, şair-tərcüməçi kimi 30-dan çox kitab müəllifidir. O, eyni zamanda Gürcüstan prezidentinin fərmanı ilə “Şərəf” ordeninə layiq görülüb. “Məhz bu xidmətlərinə görə, Valeh Hacıların adını əbədiləşdirmək üçün Bolnisi rayon bələdiyyəsi təmirdən sonra istifadəyə verilən Darbaz kənd Mədəniyyət Evinin Valeh Hacıların adı ilə adlandırılması haqqında qərar qəbul edib. Tədbirdə Bolnisi rayon icra hakimiyyətinin başçısı İosif Laliaşvili, Valeh Hacılar adına Beynəlxalq Elmi-Mədəni Tədqiqatlar Fondunun rəhbəri Cəngiz Alyılmaz (Türkiyə), Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri İlyas Dəmirçi, TDU-nun Qafqazşünaslıq İnstitutun rəhbəri Tsira Baramidze,Türk Dünya Yazarlar və Sənətçilər Fondunun rəhbəri, şair Yəhya Akengin, Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirov, parlamentin deputatı Ramin Bayramov və başqaları çıxış edərək professor Valeh Hacılar barədə ürək sözlərini, xatirələrini və ictimai xadim, şair-tərcüməçi və folklorşünas alim kimi böyük xidmətlərindən danışıblar. Tədbirdə Valeh Hacılar adına Beynəlxalq Elmi-Mədəni Tədqiqatlar Fondunun rəhbəri Cəngiz Alyılmaz Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubova Fondun mükafatını təqdim edib. Mükafatı qəbul edən H. Yusubov bunu Kvemo-Kartli bölgə qubernatorluğunun son illər həyata keçirdiyi mədəni-kütləvi tədbirlərə verilən yüksək mükafat kimi dəyərləndirib.
Sonra Darvaz kəndində Valeh Hacılar adına Mədəniyyət Evinin istifadəyə verilməsi münasibəti ilə qırmızı lent kəsilib. Mədəniyyət Evinin açılışında aprelin 18-21-də İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetində (TDU) “Qafqaz xalqlarının folkloru və lingvokulturologiyası” mövzusunda Beynəlxalq Elmi Simpozium iştirakçıları, bölgələrdən gələn ziyalılar, jurnalistlər və kənd sakinləri, Valeh Hacıların ailəsi və yaxınları iştirak ediblər. Tədbirin sonunda yeni açılan kənd Mədəniyyət Evində Borçalı aşıqlarının konserti keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR