Qəbələdə dini icmaların rəhbərləri, din xadimləri ilə görüş keçirilib

Qəbələdə dini icmaların rəhbərləri, din xadimləri ilə görüş keçirilib
# 02 oktyabr 2012 15:38 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. Bu gün Qəbələ şəhərində dini icmaların rəhbərləri, din xadimləri, ilahiyyatçılar və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Milli Məclisin üzvü Fəttah Heydərov, akademik Teymur Bünyadov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edib. Qeyd olunub ki, bu gün ölkədəki tarixi tolerantlıq mühitinin, dini dözümlülüyün qorunub saxlanılması əsas məsələlərdən biridir. Ölkədə tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verilir. Azərbaycan cəmiyyəti digər müsəlman ölkələri ilə müqayisədə daha tolerant və dünyəvidir. Azərbaycanda heç vaxt məzhəb qarşıdurması və radikalizm olmayıb.

Çıxışlarda dövlət-din münasibətlərinin daha səmərəli tənzimlənməsi, bu sahədə yerlərdə maarifləndirmə işinin təşkili, dini icmaların radikalizm meyllərinin qarşısının alınması məsələləri müzakirə edilib. Hazırda ölkə üzrə 1802 məscidin fəaliyyət göstərdiyi, eyni zamanda 550-ə yaxın pir və ziyarətgahın olduğu qeyd edilib.

Yerli din xadimləri rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərdən, məscidlərdə möminlər üçün yaradılan münbit şəraitdən, dini icmalara dövlət qayğısından danışıblar. Bildirilib ki, hazırda Qəbələdə 45 məscid, 24 dini icma fəaliyyət göstərir və 3 ziyarətgah mövcuddur.

Daha sonra Qəbələ şəhər məscidinin yeni binasının inşası prosesi ilə tanışlıq olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR