Azərbaycan Frankfurt Beynəlxalq Kitab sərgisində təmsil olunur – FOTO

Azərbaycan Frankfurt Beynəlxalq Kitab sərgisində təmsil olunur – <font color=red>FOTO </font>
# 11 oktyabr 2012 08:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Almaniyanın Frankfurt şəhərində 63-cü beynəlxalq kitab sərgisi keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Frankfurtun Messe Sərgi şəhərciyində 40 kvadrat metr sahədə gözəl dizayna malik olan “Azərbaycan” stendi qurulub. Tədbirdə ölkəmizi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, M.F.Axundov adına Milli Kitabxananın məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir. “Azərbaycan” stendi sərgi məkanının ən görkəmli yerində, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan, M.F.Axundov adına Milli Kitabxananın fondlarından gətirilən 350 adda nəfis kitab və 700 nəşr məhsulu nümayiş etdirilir. Oktyabrın 13-də sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin və Almaniyanın Mainz Universitetinin bir sıra alimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsi də nəzərdə tutulur. Frankfurt Kitab Sərgisi (bəzən ona həm də Yarmarka deyilir. Frankfurt Book Fair-ingiliscə, Frankfurt Buchmesse-almanca) kitablar üçün ən böyük sərgi və ticarət yarmarkasıdır. Hər il oktyabr ayının ortalarında Almaniyanın Frankfurt-am-Mayn şəhərində keçirilir. İlk üç gün yarmarkanın xüsusi qonaqlarının girişinə icazə verilir, geniş ictimaiyyətin nümayəndələri isə son iki gündə sərgiyə baş çəkə bilər. Dünyanın bütün nəşriyyatları və multimedia şirkətlərinin nümayəndələri beynəlxalq nəşriyyat hüquqları və lisenziya haqları barədə danışıqlar aparmaq üçün Frankfurt Kitab Sərgisinə toplaşır. Yarmarka “Alman Nəşriyyatçıları və Kitab Satıcıları” tərəfindən təşkil olunur. 5 gün ərzində Yarmarkada dünyanın 110 ölkəsinin 7500-dən çox stendi qurulur və 286 mindən çox qonaq iştirak edir.

Azərbaycan Beynəlxalq Frankfurt Kitab Sərgisində beşinci dəfədir ki, iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR