Azərbaycan FAO-nun Avropa üzrə 28-ci Regional Konfransına ev sahibliyi edəcək

Azərbaycan FAO-nun Avropa üzrə 28-ci Regional Konfransına ev sahibliyi edəcək
# 12 mart 2012 15:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Aprelin 17-20-də Bakıda FAO-nun Avropa üzrə 28-ci Regional Konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakıda keçiriləcək konfrans həftəsi çərçivəsində aprelin 16-da Avropa Qeyri-Hökumət Təşkilatları/Vətəndaş Cəmiyyətləri Məsləhətləşmə tədbiri də təşkil ediləcək.

Tədbirdə FAO-nun Avropa və Mərkəzi Asiya Regionuna daxil olan 53 üzv ölkəsinin, Avropa Komissiyası kimi üzv təşkilatının yüksək səviyyəli rəsmilərinin iştirakı gözlənilir. Bununla yanaşı, BMT-nin digər təşkilatları, bir sıra Hökumətlərarası və Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransda müşahidəçi qismində iştiraka dəvət olunub.

Aprelin 17-18-də keçiriləcək Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasının gündəliyinə təşkilatın Avropa və Mərkəzi Asiya regionu üçün 2012-2013-cü illər üzrə İş Proqramı və Büdcəsinin müzakirəsi, həmçinin torpaq və gender bərabərliyi məsələləri üzrə debatların aparılması daxil edilib.

Aprelin 19-20-də keçiriləcək Regional Konfransın əsas məqsədi 2012-2013-cü illər üzrə FAO-nun region üzrə İş Proqramının və Büdcəsinin təsdiq edilməsi, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdən ibarətdir.

Regional Konfrans çərçivəsində 19 aprel tarixində “Regionda ərzaq təhlükəsizliyi üzrə siyasətlər, bu sahədə perspektivlər və çətinliklər - 2050-ci ildə Ərzağın Vəziyyəti” mövzusunda Nazirlərin Dəyirmi Masa görüşü keçiriləcək. Görüş üzv ölkələrə təqdim ediləcək 2050-ci ilə qədər olan dövr üçün gözləntilər və hesablamalar üzrə hazırlanmış konsepsiya sənədi ətrafında debatların aparılmasına, regional və qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş xüsusi qısa və uzun müddətli tövsiyələrin hazırlanmasına, siyasi fəaliyyətlər və institusional islahatlar ətrafında müzakirələrin aparılmasına imkan yaradacaq.

Regional Konfrans həftəsi çərçivəsində regionun üzv ölkələrindən olan nümayəndə heyətləri və müşahidəçilər arasında fikir mübadiləsi və müzakirələr platformasını təmin edəcək bir sıra paralel tədbirlərin və kiçik sərgilərin təşkil edilməsi planlaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR