Azərbaycanın mədəniyyət və turizm naziri Litva Edukologiya universitetində açılacaq Nizami Mərkəzinin işi ilə tanış olub - FOTO

Azərbaycanın mədəniyyət və turizm naziri Litva Edukologiya universitetində açılacaq Nizami Mərkəzinin işi ilə tanış olub - <font color=red>FOTO</font>
# 19 oktyabr 2012 12:21 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Litvaya səfəri davam edir.

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər zamanı Ə.Qarayev bu ölkənin mədəniyyət naziri Arunas Qelunas ilə görüşüb, iki ölkə arasında mövcud mədəni əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edib. Azərbaycanın Litva ilə dost münasibətlərindən, xüsusilə də mədəniyyət sahəsində iki ölkə nümayəndələrinin bir çox layihələrdə ortaq iştirak etməsindən məmnunluq bildirilib.

Azərbaycan nümayəndə heyəti bərpa və renovasiya işlərinin davam etdirildiyi Litva Böyük Krallar Sarayında olub, gələcəkdə muzey kimi fəaliyyət göstərəcək sarayda gedən bərpa işləri ilə tanış olub. Səfər proqramı çərçivəsində Litva Milli İncəsənət Qalereyasında Litva rəssamlarının əsərlərinin nümayiş etdirildiyi sərgiyə baş çəkilib. Keçirilən görüşlərdə tarixi və mədəni irsin qorunub saxlanılması sahəsində qarşılıqlı təcrübənin öyrənilməsi müzakirə olunmuş, bu sahədə geniş fikir mübadiləsi aparılıb.

Sonra nazir Ə.Qarayev Litva Edukologiya universitetində Azərbaycanın Litvadakı səfirliyinin təşəbbüsü ilə açılacaq Nizami Mərkəzinin işi ilə tanış olub, sözügedən universitetin rektoru və rəhbərliyi ilə görüş keçirib.
Səfərin ikinci günü Ə.Qarayev Azərbaycanın Litvadakı səfirliyində Litva Turizm Departamentinin direktoru Raimonda Balnieneni qəbul edib, iki ölkə arasında turizm potensialının daha da inkişaf etdirilməsi məsələləri, xüsusi ilə də Avropa İttifaqı ilə Azərbaycan arasında turizm sahəsində “Twinning” layihəsinin Litvanın Avstriya ilə birlikdə həyata keçirməsi, turistlərin qarşılıqlı səfərləri zamanı prosedur qaydalarının asanlaşdırılması müzakirə olunub, əməkdaşlığın davam etdirilməsi razılığına gəlinib.

Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR