«ExxonMobil» Azərbaycana sərmayələrini artırmaq niyyətindədir

«ExxonMobil» Azərbaycana sərmayələrini artırmaq niyyətindədir
# 10 fevral 2012 11:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan «ExxonMobil» şirkətinin Avropa və Xəzər regionunda kəşfiyyat və hasilat işləri üzrə vitse-prezidenti Filip Malhollun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

«APA-Economics»in məlumatına görə, R.Abdullayev ARDNŞ tərəfindən ötən ilin noyabrında «Esso Schweiz GmbH.» şirkətinin səhmlərinin alınması üzrə «ExxonMobil» şirkəti ilə bağlanan müqaviləyə əsasən, bu şirkətin ARDNŞ-in nəzarətinə keçirilməsi ilə bağlı hazırlıq dövrünün uğurla davam etdiyini bildirib. Öz növbəsində «ExxonMobil»in nümayəndəsi F.Malholl təmsil etdiyi şirkətin kəşfiyyat və hasilat işlərinə böyük maraq göstərdiyini bildirərək qeyd edib ki, «ExxonMobil»in təcrübəsi, maliyyə və texniki imkanları yeni layihələrdə əməkdaşlıq etməyə şərait yaradır. F.Malholl bildirib ki, «ExxonMobil» şirkəti Azərbaycanı sərmayə yatırılması üçün prioritet ölkələrdən hesab edir.

Azərbaycanda xarici sərmayələrin qanunla qorunduğunu və bunun tərəfdaşlar tərəfindən ölkəyə böyük etimad qazandırdığını deyən R.Abdullayev ARDNŞ-in bu gün inkişaf edərək beynəlxalq maliyyə bazarlarında mühüm nailiyyətlər qazandığını vurğulayıb. Şirkət tərəfindən dövriyyəyə buraxılan avrobondların böyük maraqla qarşılandığını deyən ARDNŞ prezidenti bildirib ki, bu əməliyyatın müsbət nəticələri Şirkət tərəfindən istənilən layihənin maliyyələşdirilməsinə inam yaradır.

ARDNŞ tərəfindən yeni kəşf edilən yataqlardan söz açan R.Abdullayev yaxın vaxtlarda kəşfiyyat işlərinin genişləndirilməsi məqsədilə bir neçə yeni qazma qurğusunun inşasına başlanacağını qeyd edib. «ExxonMobil»in Azərbaycanın perspektiv strukturlarının inkişaf etdirilməsi layihələrində iştirakı məsələlərinə toxunan R.Abdullayev bu sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçiriləcəyini bildirib.

Görüşdə «ExxonMobil» şirkətinin beynəlxalq məsələlər üzrə baş məsləhətçisi Stiven Mənn də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR