Azərbaycanda regional turizm peşə məktəbləri şəbəkəsi yaranır

Azərbaycanda regional turizm peşə məktəbləri şəbəkəsi yaranır
# 24 oktyabr 2012 08:06 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Turizm İnstitutunda ATİ və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Şəki-Zaqatala regionunda turizm peşə kadrlarının hazırlığı” mövzusunda təqdimat-dinləmələr keçirib. APA-nın məlumatına görə, ATİ-nin rektoru, professor Cəfər Cəfərov ATİ-də ixtisaslı kadr hazırlığı istiqamətində görülən tədris-təlim-tədqiqat işlərindən və qazanılan nəticələrdən ətraflı bəhs edib.

O, qeyri-neft sektorunda müstəsna rol oynayan turizm sənayesinin böyük perspektivindən danışıb. Rektor çıxışı zamanı digər sahələrlə müqayisədə turizmi etibarlı, daimi sahə kimi dəyərləndirib. Əmək bazarında ali təhsilli turizm ixtisaslı kadrlarla yanaşı xidmət personalına böyük ehtiyac olduğunu konkret faktlarla isbatlayıb. Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasını günün reallığı kimi səciyyələndirib . C. Cəfərov digər regional peşə məktəblərinin yaradılması ilə bağlı tədqiqatlar aparılacağının gündəmdə olduğunu, Qusarda bu istiqamətdə işə start verildiyini bildirib. Regional turizm peşə məktəbləri hələlik Qusarda, Zaqatalada, Şəmkirdə, Göygöldə, Masallıda fəaliyyət göstərəcək.

Rektor ATİ və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə ölkənin 6 rayonunda (Şəki, Balakən, Oğuz, Qəbələ, Qax və Zaqatala) keçirilən sorğu-tədqiqatlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Sonra Turizm və Regional İnkişaf üzrə ekspert Ayke Ottonun, ATİ-nin Tədqiqat və İnkişaf şöbəsinin baş məsləhətçisi Julius Arneggerin, Avropa İttifaqının Peşə təhsili üzrə Tvinninq layihəsinin rəhbəri Rudiger Heyniqin təqdimatları olub. Sonra təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, sorğu nəticələrinin gələcək planların icrası zamanı nəzərə alınacağı qeyd edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR