Borçalıda Azərbaycandan gələn jurnalistlərlə görüş keçirilib

Borçalıda Azərbaycandan gələn jurnalistlərlə görüş keçirilib
# 27 oktyabr 2012 02:23 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycanın müxtəlif KİV-də çalışan 35 jurnalist Gürcüstanda səfərdədir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, oktyabrın 26-da Azərbaycan jurnalistləri ilə ATA Holdinq idman sarayında ziyalılarla görüş keçirilib. Tədbiri Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) sədri Fazil Həsənov açaraq Qurban bayramı münasibətilə bütün jurnalistləri təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb. Sonra Bakıdan gələn jurnalist heyətinin rəhbəri jurnalist Mubariz Aslanov çıxış edərək səfərin məqsədini açıqlayıb: “Məqsədimiz soydaşlarımızla həmrəyliyi nümayiş etdirmək və xarici ölkə jurnalistlərlə əlaqələr yaratmaqdır.”
Sonra görüş dialoq şəkilində davam etdirilib. Jurnalistlərin işsizlik haqqında və digər sualları parlamentin deputatı Azər Süleymanov cavablandırıb. “Gələcəkdə gürcü dilini bilən gənclər daha çox işlə təmin olunacaqlar. 100 minə yaxın azərbaycanlı gürcü dilində sərbəst danışırlar. Onlar Tiflisdə və Kaspi bölgələrində orta məktəbi və ali məktəbi gürcü dilində bitiriblər. Bizim 800-ə yaxın müəllim kadrlarımız çatışmır. Əvvəllər məktəblərdə 7.500 müəllim olduğu halda indi 3 minə yaxın müəllimlərimiz var, lakin onların əksəriyyəti yaşlıdır”. Bu sözləri AMM-in sədri Fazil Həsənov deyib. “Məktəblərimizdə 80 yaşlı müəllim idman, biologiya və fizika dərsi deyir. Buna görə də biz Azərbaycan Təhsil Nazirliyinə kömək üçün dəfələrlə müraciət etmişik, yoxsa, Azərbaycanlı məktəblərin bağlanması təhlükəsi var. Eyni zamanda 4-5 ildir ki, bizə ana dili, Azərbaycan qrammatikası və birinci sinif dərslikləri gətirilmir.”
Görüşdə kənd adlarının geri qaytarılması, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Dövlət Teatrının bərbad vəziyyəti, müəllimlərin maaşının artırılması, erkən nigah, Azərbaycan sərhədində soydaşlarımıza soyuq münasibət və s. vacib məsələlər haqqında fikir mübadiləsi aparılıb. Qonaqlarla bərabər Gürcüstan deputatları, ziyalılar, eyni zamanda Gürcüstanda nəşr olunan Azərbaycan dilli qəzet və jurnal redaktorları da dialoqda fəal iştirak ediblər.
Tədbirdə “Gürcü arzusu”ndan seçilən deputat Əli Məmmədov, “Gürcü arzusu”nun fəalı Mahir Dərziyev iştirak edib. Mahir Dərziyev də çıxış edərək azərbaycanlıların ictimai-siyasi problemlərindən danışıb: “Bizi burada diaspor adlandırırlar. Mən bununla razı deyiləm. Biz Gürcüstanda ən böyük icmayıq, gürcülərdən sonra ikinci yeri tuturuq. Təəssüf ki, Gürcüstan cəmiyyətində özümüzə layiq yerimizi tutmamışıq. “
Azərbaycan jurnalistləri Marneulidəki “Çay Evi”ndə də olublar. Sonra jurnalistlər Tiflisə yola düşüblər.
Gürcüstan səfərində “Xəzər”TV, “Lider”TV, İctimai TV, ANS, AzTV, “Cənub”TV, “Kəpəz”TV, “Səs”TV, MuzTV-nin, APA, “Lent.az”, “Trend”, “Azadinform” agentliklərinin, o cümlədən “Qafqazinfo”, Modern.az “Mediaforum” saytlarının, bundan başqa “Baku Post”, “Gündəlik teleqraf”və digər qəzetlərin əməkdaşları da iştirak edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR