Azərbaycan prezidenti: “Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir”

Azərbaycan prezidenti: “Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir”
# 10 oktyabr 2012 22:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin son 9 ayın yekunlarına həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Ölkə başçısı bildirib ki, gələn il də ən azı bu səviyyədə vəsait ayırılmalıdır: “300 milyon manat böyük məbləğdir və gələn il də köçkünlərin yerləşdirilməsi, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük tədbirlər görüləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlər var. Əlbəttə, “çadır şəhərciyi” anlayışı artıq 5 ildir ki, silinib. Ancaq uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda kifayət qədər çox köçkün yaşayır. Biz həm onların vəziyyətini yüngülləşdirəcəyik”.
Ölkə başçısı bildirib ki, uşaq bağçalarının tikintisinə də xüsusi diqqət yetiriləcək.

İnfrastruktur layihələri arasında qazlaşdırma, kənd yolları, içməli su, kanalizasiya xətlərinin çəkilməsi prioritet təşkil etdiyini deyən ölkə başçısı elektrik xətlərinin çəkilişi məsələlərinə də xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bölgələrdə paylayıcı xətlərin bir çox hallarda istənilən səviyyədə olmaması problemlər yaradır: “Hökumətə tapşırıram ki, konkret proqram təşkil edilsin. İnvestisiya Proqramında bölgələrin paylayıcı xətlərinin bərpası, yenidən qurulması məsələsi də ayrıca maddə ilə öz əksini tapmalıdır”.

Ərzaq təhlükəsizliyi ilə bağlı məsələyə toxunan prezident bunun daim diqqət mərkəzində olduğunu deyib: “Əsas ərzaq məhsullarının istehlakı yüz faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin edilməlidir. Biz buna yaxınıq, bəzi mövqelər üzrə bunu əldə etmişik, bəzi istiqamətlər üzrə artıq hədəfə yaxınlaşırıq”.

Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 200 milyon manat güzəştli kreditlər nəzərdə tutulduğunu deyən ölkə başçısı gələn il bu məbləğin üç yüz milyon manat təşkil edəcəyini də bildirib.

“İri fermer təsərrüfatlarının yaradılması ilə bağlı verilən göstərişlər yerinə yetirilir. Artıq iki böyük layihə icra edilməkdədir - biri Ağcabədi rayonunda, digəri Beyləqan rayonunda. İki sahənin ümumi ölçüləri beş min hektara yaxındır. Bu, yeni bir yanaşmadır və bu barədə biz dəfələrlə danışmışıq. Şadam ki, artıq bu məsələ reallaşır” deyən prezident növbəti illər ərzində buğda sahəsindəki tələbatın tamamilə daxili resurslar hesabına ödənilməsinin qarşıya məqsəd qoyulduğunu söyləyib: “Hansısa ölkədə bir il quraqlıq olur, bir il taxıl yığımı aşağı düşür. İstər-istəməz bu, istehlak qiymətlərinə təsir edir və bizim vətəndaşlar da ondan sonra bunun əziyyətini çəkirlər. İndi dünyada buğdanın qiyməti böyük dərəcədə artıb. Çünki ənənəvi ixracatçı ölkələrdə istehsal kəskin şəkildə aşağı düşmüşdü, qıtlıq vardı, quraqlıq olmuşdu. Bu, istər-istəməz qiymətlərin qalxmasına gətirib çıxarır. Bir neçə il budan əvvəl də biz eyni vəziyyətlə üzləşmişdik. İmzalanmış kontraktlar var idi ki, biz taxılı, buğdanı o kontraktlar əsasında gətirməli idik, artıq icra edilməmişdi, çünki bəzi ölkələr ixracata qadağa qoymuşdular. Biz bu asılılığı da üzərimizdən atmalıyıq, necə ki, bütün başqa sahələrdə asılılığı azaldırıq, bu sahədə də bunu etməliyik”.

Prezident gələn ilin büdcə xərclərinin təxminən 20 milyard manat səviyyəsində
gözlənildiyini deyib: “İcmal büdcə isə 30 milyard dollardan da böyük ola bilər. Yəni, bu böyük rəqəmdir və bu rəqəm, əlbəttə ki, bizim gücümüzü, eyni zamanda, ölkə qarşısında duran problemlərin həllinin bizim üçün nə qədər vacib olduğunu göstərir. Biz bu vəsaitdən maksimum səmərə ilə istifadə etməliyik”.
Ölkə başçısı növbəti il başlayanda vaxt itirilməməsi üçün Dövlət İnvestisiya Proqramını bu ilin sonuna qədər qəbul edilməli olduğunu vurğulayıb.

Ölkə başçısı Azərbaycanın yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəyini, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin yekunlaşmaq üzrə olduğunu, Azərbaycanın dəmir yolları da yüksək dünya standartlarına cavab verməli olduğunu vurğulayıb.

Nəqliyyat sektorunun gələcəkdə də prioritet məsələlərdən biri olacağını deyən ölkə başçısı Bakının nəqliyyat şəbəkəsinin təkmilləşdirildiyini, bölgələrdə çox böyük quruculuq işləri aparıldığını söyləyib.

Prezident İlham Əliyev Sumqayıt, Gəncə, Bakının Qaradağ rayonunun əsas sənaye mərkəzinə çevrildiyini, həmçinin yeni texnoparkların yaradılması prosesinin getdiyini bildirib.

Bakı şəhərində və qəsəbələrində inkişaf proqramı icra edildiyini söyləyən prezident növbəti ilin sonuna qədər Bakının infrastruktur problemlərinin həlilinin başa çatacağını bildirib: “Bütün qəsəbələrdə quruculuq işləri aparılır. İlk növbədə, su-kanalizasiya layihələri icra edilir. Ondan sonra yollar tikilməyə başlanacaq. Paralel olaraq qazlaşdırma, məktəblərin, xəstəxanaların, poliklinikaların tikintisi, iş yerlərinin yaradılması prosesi gedir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələrinin iqtisadi inkişafına yönəlmiş layihələr icra edilir. Yəni, biz qəsdən belə dar zaman kəsiyini götürdük ki, bu məsələni tezliklə həll edək. Gələn ilin sonuna qədər Bakı və onun qəsəbələrinin inkişafı proqramı tam şəkildə yekunlaşmalıdır”.

Ölkədə bütün proseslərin müsbət istiqamətdə getdiyini deyən dövlət başçısı İkinci Bakı Beynəlxalq Humanitar Forumunun uğurlu keçirilməsinin də bu qəbildən olduğunu bildirib. Ölkə başçısı “Eurovision” yarışmasının yüksək səviyyədə keçirildiyini, Azərbaycan Olimpiyaçılarının uğurlarını, ölkəmizin BMT TŞ-na üzv seçilməsini, Qoşulmama Hərəkatının sonuncu toplantısında Azərbaycanın ərazi bütövlüyünün bərpasına çağıran qətnamənin qəbul edildiyini xatırladıb: “Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaq. Ən böyük uğur o vaxt olacaq ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqr. Mən buna əminəm, buna şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR