İran XİN: Avropaya neft ixracı dayandırılmayıb

İran XİN: Avropaya neft ixracı dayandırılmayıb
# 15 fevral 2012 22:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Avropaya neft ixracını dayandırmayıb. APA-nın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa regionu üzrə şöbə müdiri Həsən Tacik bildirib. Onun sözlərinə görə, Avropa Birliyi (AB) xarici işlər nazirlərinin bu il yanvarın 23-də İrandan neft idxalına tətbiq olunmuş sanksiya qərarı məntiqsizdir: “AB-yə üzv 6 ölkənin səfiri ilə görüşdə də bu məsələ müzakirə olunub. Onlara sanksiyaların İran xalqının iradəsinə zərər verməyəcəyi bildirilib. Səfirlər isə Avropa iqtisadiyyatının yaxşı vəziyyətdə olmadığını və İran neftinə sanksiya qoyulmasının Avropaya zərər verəcəyini deyiblər. Biz Avropaya hələlik neft ixracını dayandırmırıq və neftdən də təzyiq vasitəsi kimi istifadə etmək fikrində deyilik”.
Qeyd edək ki, İranın “Press TV” telekanalı Avropanın 6 ölkəsinə - Hollandiya, İspaniya, Fransa, Yunanıstan, Portuqaliya və İtaliyaya neft ixracının dayandırıldığını açıqlamışdı. “Mehr” xəbər agentliyi isə yalnız Hollandiya və Fransaya neft ixracını dayandırıldığını, İtaliya, Portuqaliya, İspaniya və Yunanıstana isə ultimatum verildiyinin xəbər vermişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR