Bakı və Bərdədə Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü qeyd olunub

Bakı və Bərdədə Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü qeyd olunub
# 30 avqust 2012 09:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin ailələri hakimiyyət orqanlarının, qeyri-hökumət təşkilatlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə birgə 30 avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Gününü qeyd etmək üçün Bakı və Bərdə şəhərlərində toplantı keçiriblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanovanın APA-ya verdiyi məlumata görə, toplantıda BQXK-nın psixososial dəstək proqramının rəhbəri Bhava Pudyal qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün tərəflərdən 4600 nəfərdən çox itkin düşmüş şəxsin taleyinə hələ də aydınlıq gətirilməyib: “Əzizlərinin başına nə gəldiyini bilməmək həmin ailələri daima tərəddüd və qeyri-müəyyənlik vəziyyətində saxlayır. Ümid və ümidsizlik içərisində yaşamaq insanları zəiflədir. Bu vəziyyətin döğurduğu psixososial çətinliklər insanların sağlamlığına, eləcə də onların sosial və iqtisadi həyatlarına mənfi təsir göstərir".

B. Pudyal qeyd edib ki, neytral vasitəçi kimi çıxış edən BQXK münaqişə tərəflərinə itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsində kömək edir. Bundan əlavə, təşkilat ailələrə dəstək vermək və onların ehtiyaclarının ödənildiyinə əmin olmaq üçün səy göstərir. BQXK tərəfindən treninq keçirilmiş itkin düşmüş şəxslərin ailə üzvləri onlarla eyni taleyi yaşayan digər ailələrə düşdükləri qeyri-müəyyən vəziyyətlə mübarizə aparmaq və müxtəlif ehtiyaclarını ödəmək üçün dəstək verirlər: “Ailələr hakimiyyət orqanları, müvafiq qeyri-hökumət təşkilatları, xəstəxanalar, hüquqşünaslar və digərlərinin köməyinə ehtiyac duyanda, həmin şəxslər yerli psixoloqlarla birgə onları müşayiət edir və lazımi dəstək göstərirlər. Ailələrə kömək göstərilməsi bizim bu regiondakı humanitar işimizin əsas prioritetlərindən biridir”.

BQXK bütün dünyada ümidsizlik içərisində öz itkin düşmüş qohumlarını axtaran ailələrə kömək göstərməkdə davam edir. BQXK beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin və onların ailələrinin çəkdikləri əzaba son qoyulması ilə bağlı öz öhdəliklərinə əməl etməyə çağırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR