Vergilər nazirinin müşaviri: «Azərbaycanda POS-terminalların quraşdırılmasında canlanma müşahidə olunur» - MÜSAHİBƏ

Vergilər nazirinin müşaviri: «Azərbaycanda POS-terminalların quraşdırılmasında canlanma müşahidə olunur» - <font color=red>MÜSAHİBƏ</font>
# 22 fevral 2012 09:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın vergilər nazirinin müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədovun «APA-Economics»ə müsahibəsi

- Məlum olduğu kimi, ölkədə nağdsız hesablaşmaların kütləviliyinin təmin edilməsi dövlət başçısı tərəfindən hökumət qarşısında qoyulmuş vacib tələblərdən biridir. Ümumiyyətlə, Azərbaycanda POS-terminalların quraşdırılması istiqamətində hazırkı vəziyyət necədir?

- Bildiyiniz kimi, dövlət başçısının «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə» fərmanında, eləcə də ölkə prezidentinin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2010-cu ilin sosial iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə dair iclasında Vergilər Nazirliyi və Mərkəzi Banka ölkə ərazisində aparılan əməliyyatların nağdsız qaydada həyata keçirilməsi ilə bağlı zəruri tədbirlərin təmin edilməsi tapşırılıb.

Tapşırığın icrası ilə bağlı «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 17-ci maddəsinə ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə nağdsız hesablaşmaların aparılması üçün POS-terminalların quraşdırılması ilə bağlı müddəa əlavə olunub. Qanunun icrası məqsədilə Vergilər Nazirliyi ilə Mərkəzi Bank tərəfindən «Azərbaycan Respublikası ərazisində POS-terminalların tətbiqi Qaydaları» layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Bakı şəhərindəki 11 rayonda ticarət, xidmət və ictimai iaşə obyektlərində POS-terminalların tətbiqi 60 sahə üzrə həyata keçirilir. Vergi xidməti əməkdaşları yerlərə gedərək vergi ödəyicilərinə həm texniki, həm də hüquqi köməklik göstərirlər. Yəni, sahibkarlara qeydiyyat ərizələrinin elektron formada göndərilməsi, lazımi sənədlərin toplanması, müvafiq banka təqdim edilməsi məsələlərində yardım olunur, eyni zamanda, zəruri maarifləndirmə işləri aparılır, onların hüquq və vəzifələri izah edilir.

Bir məqamı da qeyd edim ki, POS-terminalların quraşdırılması ilə bağlı Vergilər Nazirliyinə həvalə olunmuş əsas vəzifə, yəni qeydiyyat məsələlərinin ən qısa zamanda həlli məqsədilə də bütün zəruri işlər görülüb. Məsələn, elektron qeydiyyat ərizələrinin vergi orqanlarına daha tez göndərilməsini təmin etməkdən ötrü əməkdaşlara bütün lazımi proqramlarla və internet rabitəsi ilə təchiz edilmiş I-Padlar paylanıb. İstənilən obyektdə POS-terminalın quraşdırılması zamanı müvafiq bankda cari manat hesabının açılması üçün vergi orqanına elektron ərizənin I-Pad vasitəsilə göndərməsi operativ qaydada təmin edilir.

Digər vacib məqam prosesinq mərkəzləri tərəfindən gün ərzində qeydiyyata alınması mümkün olan POS-terminalların sayı ilə bağlıdır. Belə ki, əvvəllər gün ərzində maksimum 15-20 POS-terminalın qeydiyyatının mümkün olduğu halda, hazırda bu rəqəm 300-400-ə çatdırılıb. Bundan başqa, Vergilər Nazirliyi ilə prosesinq mərkəzləri arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün lazımi proqramlar sistemə yüklənib və POS-terminalların vergi orqanlarında on-line qeydiyyata alınması təmin olunub.

Vergilər Nazirliyi ilə Mərkəzi Bank tərəfindən görülmüş birgə tədbirlər nəticəsində ölkə üzrə bu günə kimi 14 mindən çox POS-terminal qeydiyyata alınıb və quraşdırılıb ki, bunun da 13 mini və ya 92,8%-i Bakı şəhəri ərazisində fəaliyyət göstərən obyektlərin payına düşür.

- Bəs sahibkarlar POS-terminalların quraşdırılmasını necə qarşılayır? Quraşdırılan POS-terminallar müasir tələblərə cavab verirmi?

- Vergilər Nazirliyi bu məsələyə kompleks yanaşır. Biz, ilk növbədə, həm vergi ödəyiciləri ilə keçirilən müxtəlif görüşlərdə, həm də KİV-in imkanlarından yaralanmaqla nağdsız hesablaşmaların zəruriliyi ilə bağlı təbliğat və maarifləndirmə tədbirləri həyata keçirdik, zəruri izahat işləri apardıq. Bundan başqa, Bakı şəhərində bir sıra monitorinqlər keçirərək sahibkarların POS-terminallara olan tələbatını müəyyənləşdirdik. Sevindirici haldır ki, görülən işlər artıq öz bəhrəsini verməkdədir və son günlər POS-terminalların alınmasında canlanma müşahidə edilir. Təbii ki, bu, nəinki POS-terminalların quraşdırılması prosesini sürətləndirəcək, sonradan onlardan istifadə göstəricisinin də xeyli artmasına səbəb olacaq.

O ki qaldı POS-terminalların texniki xüsusiyyətlərinə, monitorinqlər zamanı müəyyən edilib ki, bu gün sahibkarlara köhnə tipli POS-terminalların əvəzinə, müasir tələblərə cavab verən, GPRS və ya internet üzərindən işləyən, təhlükəsizlik və texniki üstünlüklərinə görə xeyli fərqlənən, daha modern POS-terminal əvvəlkilərdən daha sərfəli şərtlərlə təklif olunur. Vergilər Nazirliyi ilə Mərkəzi Bank tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində yeni POS-terminalların qeydiyyatı ilə bağlı proqramların banklar və prosesinq mərkəzləri ilə avtorizasiyası işləri də tam başa çatdırılıb.

- Nağdsız ödəmələrin həcminin artması əhaliyə və ölkə iqtisadiyyatına nə verəcək?

- Nağdsız ödənişlərin bir çox üstünlükləri var. Başlıca üstünlüklərindən biri budur ki, kart vasitəsilə edilən bütün əməliyyatların dəqiq uçotu aparılır. Yəni, kart sahibi kredit kartından istifadəyə dair məlumatları istənilən anda əldə edə bilər. Təcrübə göstərir ki, nağd alış-verişlə müqayisədə kredit kartı ilə alınan malları geri qaytarmaq da daha asandır. Həmin şəxsin kredit kartını aldığı bank, zərurət yarandıqda, hüquqların qorunması üçün hər zaman öz müştərisinin yanında olur. Bundan başqa, plastik kartlardan istifadənin təhlükəsiz olması hamıya bəllidir.

Digər vacib məqam ondan ibarətdir ki, nağdsız ödənişlərin həcminin artırılması vergitutma bazasının ciddi şəkildə genişlənməsi üçün mühüm mənbədir. Nağdsız hesablaşmaların tətbiqi vergi ödəyiciləri tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin uçotunun düzgün aparılması, vergitutma bazasının, vergiyə cəlb olunan gəlirlərin düzgün müəyyən edilməsi, konyunkturadan asılı olan pul gəlirlərinin nəzarətdə saxlanılması, daxili tələbatın əvvəlcədən proqnozlaşdırılması baxımından əhəmiyyətli məsələdir.

Beynəlxalq təcrübəyə nəzər yetirsək, əksər inkişaf etmiş ölkələrdə plastik kartlardan geniş istifadə olunduğunun şahidi olarıq. ABŞ-da və Avropa ölkələrində alqı-satqı əməliyyatlarının, demək olar ki, 80-90%-i plastik kartlar vasitəsilə həyata keçirilir. Bu əməliyyatlar nəticəsində həmin ölkələrdə inflyasiyanın qarşısının alınmasında artıq pul kütləsinin rolu minimuma endirilib və büdcə xərcləri xeyli azaldılıb. Eyni zamanda, bütün əməliyyatların banklar və plastik kartlar vasitəsilə həyata keçirilməsi vergi orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsi üçün xərclənən vəsaitlərin də azaldılmasına gətirib çıxarır. Çünki nağd hesablaşma aparılan sahələrdə vergidən yayınma hallarının, nağdsız hesablaşmalar aparılan sahələrə nisbətən daha çoxdur. Bunun səbəbi isə nağdsız hesablaşmalar zamanı bütün əməliyyatların banklarda və ya digər qurumlarda fiksə edilməsi ilə bağlıdır.

Lakin qeyd etməliyəm ki, son illər ölkəmizdə POS-terminal və bankomat şəbəkəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə və kart sahiblərinin sayının bir neçə dəfə artmasına baxmayaraq, kartların mövcud infrastrukturunun imkanlarından lazımi səviyyədə istifadə olunmur. Bununla belə, əminəm ki, yaxın gələcəkdə ölkəmizdə də kartlardan istifadəyə münasibət dəyişəcək və nağdsız ödənişlərin sayı ildən-ilə artacaq. Nəticədə isə bir tərəfdən, həm istehlakçılar, həm də ticarət, xidmət, iaşə sektorunda çalışanlar üçün alış-veriş prosesi xeyli sadələşəcək, daha təhlükəsiz olacaq, digər tərəfdən isə, vergidən yayınma hallarının sayı minimuma endiriləcək və büdcə daxilolmalarının artması təmin ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR