Prezident İlham Əliyev Cəlilabadda un fabrikinin açılışında iştirak edib

Prezident İlham Əliyev Cəlilabadda un fabrikinin açılışında iştirak edib
# 31 iyul 2012 16:35 (UTC +04:00)
APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, açılışda məlumat verilib ki, 100 tonluq un dəyirmanı və 10 min tonluq taxıl məhsullarının təmizlənməsi və satışı üçün anbar kompleksini özündə birləşdirən müəssisə ən müasir avadanlıqla təchiz olunub. Müəssisənin beşmərtəbəli binadan ibarət dəyirman kompleksi ekoloji baxımdan bütün gigiyenik normalara cavab verir. Taxıl məhsullarının qəbulu, çeşidlənməsi və təmizlənməsi, o cümlədən un istehsalı tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Belə müasir un fabriklərinin inşası ölkədə ərzaq təhlükəsizliyinin təminatına, yüksək keyfiyyətli taxıl məhsullarının və un məmulatının daha uzun müddətə saxlanılmasına imkan verir.
Dövlət başçısı müəssisəni işə salıb.

İnşasına 2010-cu ilin sonunda başlanılan taxıl anbarı kompleksi Türkiyənin “OBİAL” şirkətinin texnologiyası əsasında qurulub. Digər dəyirmanlardan fərqli olaraq burada taxılın yuyulması rejimi onun tərkibinə uyğun aparılır və suyun miqdarını kompüter müəyyən edir. Dəyirman kompleksi Türkiyənin “Öz Başak” şirkətinin müasir avadanlığı ilə təchiz edilib. Dəyirmanın gündəlik istehsal gücü 100 ton təşkil edir. Müəssisədə yüz nəfər yeni iş yeri ilə təmin olunacaq.
Dövlət başçısına məlumat verilib ki, taxıl anbarı və dəyirman kompleksində Cəlilabadda və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdikləri taxıl məhsullarının uzun müddət itkisiz saxlanması və istehsalı nəzərdə tutulur. Layihənin həyata keçirilməsi respublikada taxılçılığın inkişafına təkan verməklə il boyu əhalinin keyfiyyətli ərzaq buğdası ilə təmin olunmasına şərait yaradacaq. Azərbaycan Prezidenti hazır məhsulların nümunələrinə baxıb. Müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR