Bakı sakinləri I Beynəlxalq İdman Film Festivalına maraq göstərmirlər

Bakı sakinləri I Beynəlxalq İdman Film Festivalına maraq göstərmirlər
# 11 oktyabr 2012 10:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda keçirilən I Beynəlxalq İdman Filmləri Festivalı tamaşaçı qıtlığından əziyyət çəkir. Oktyabrın 9-dan etibarən “Nizami” Kino Mərkəzində start götürən festival çərçivəsində nümayiş olunan filmlərə maraq yox dərəcəsindədir. APA-nın əməkdaşı kinoteatrda məhz bu cür vəziyyətin şahidi olub.

Əslində təkcə bu faktı qeyd etmək real vəziyyəti göz önünə gətirməyə kifayət edər. Biz orada olduğumuz vaxtda (saat 15.00-da) festival çərçivəsində film göstərilən zalda cəmi 5 nəfər vardı, onların da 4-ü jurnalist idi...

Səhər saat 10:00-dan nümayiş olunan idman filmlərinin heç birində zal 20%-dən artıq dolmur. Tamaşaçıların azlığı səbəbindən hətta bəzi filmlərin saatının dəyişdirildiyini və vaxtın uzadıldığını da öyrəndik. Nəzərə alsaq ki, festivalın bütün filmlərinə baxış pulsuzdur, bu hal heç də ürəkaçan deyil. Əslində bu hal Bakıda ənənəvi keçirilən bir çox beynəlxalq musiqi festivallarında yaşanır. Açılışlar təntənəli, davamı isə tamaşaçısız və ya məcburən gətirilən insanların iştirakı ilə olur. Görünür, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən sözügedən I Beynəlxalq İdman Filmləri Festivalının təbliğat-təşviqat işləri yetəri qədər olmayıb. Çünki istər ictimai nəqliyyat, istərsə də şəhərin mərkəzi, insanların sıx olduğu küçələrdə bu festivalla bağlı bilbord və ya xüsusi plakatlar nəzərə çarpmır. Hazırda Bakıda, “Park Cinema”da davam Avropa Film Festivalı ilə müqayisədə bu festival tamaşaçı sarıdan geridə qalır. Avropa Film Festivalında nümayiş olunan filmlərə xüsusi maraq hiss olunur. Hətta festival üçün nəzərdə tutulan pulsuz biletlər bir neçə gün əvvəldən qurtarıb. Sözsüz, bu nəticənin əldə olunması həm də yüksək səviyyəli təbliğatla bağlıdır. Paytaxtın hər bir sakini Avropa Film Festivalının təşkilindən xəbərdar olsa da, Azərbaycanda 20 ölkənin iştirak etdiyi I Beynəlxalq İdman Filmləri Festivalından məlumatsızdırlar.

Mərkəzin iki zalında da nümayişi təşkil olunan filmlərə tamaşaçıların gəlməməsi səbəbini, eyni zamanda tamaşaçıların bu cür beynəlxalq festivallara marağının artırılması üçün hansı addımların atılmasını öyrənmək məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət etdik. Nazir bu cür festivallara tamaşaçının gəlməməsinin günahını yerli KİV-də görür: “Bu sualı mən sizə verməliyəm. Televiziya və mətbuat bu festivallar barədə daha geniş məlumat verməlidir”.

Nazir mətbuatı günahlandırsa da, görünən odur ki, təşkilatçılar tərəfindən festivalla bağlı lazımi təbliğat-təşviqat işləri aparılmayıb, paytaxt sakinlərinin Bakıda I Beynəlxalq İdman Filmləri Festivalının keçirilməsindən xəbəri yoxdur.

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov APA-nın sualına cavab olaraq festivalın səhər saatlarında nümayiş olunan filmlərində tamaşaçı azlığının zamanla əlaqədar olduğunu deyib: “Bu gün saat 13:30-da daha çox tamaşaçı olacağını düşünürəm. İki gün bundan əvvəl getdiyim zalda hardasa 20 nəfər var idi. Saytlarda məlumat yerləşdirilmiş, proqramlar yayılmışdı. Həqiqətən də festivala həsr olunmuş mətbuat konfransında deyilənlər geniş yayılmadı yəqin bu da təsir edib”. Avropa Film Festivalına marağa gəlincə, nazirlik rəsmisi deyib ki, bu festivalda bədii film nümayiş olunur, lakin idman mövzusunda sənədli filmə maraq o qədər də geniş yayılmayıb: “Bədii filmlə sənədli kinoya marağın fərdi olduğu məlumdur. Bunlar ayrı-ayrı şeylərdir. Bu indi yaranmayıb, hər zaman belə olub. Sözsüz, biz bilirdik ki, Avropa bədii filmlərinə həvəs idman mövzusunda sənədli filmlərinə olan maraqdan çox olacaq”. Y.Şeyxov mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kimi hesab edir ki, bu tipli beynəlxalq festivallarda tamaşaçı sayının çox olması üçün atılması lazım olan addım təşviqatın KİV-də daha geniş olmasıdır. Tamaşaçı azlığı bu festivalın dayandırılmasına səbəb olmayacaq. Belə ki, sözügedən festivalın hər iki ildən bir keçirilməsi ilə bağlı artıq qərar verilib. Bu festivala nə qədər vəsait xərcləndiyinə gəlincə, Y.Şeyxov bundan xəbərsiz olduğunu açıqlayıb. Lakin nazirlik rəsmisi bu festivalın çox ucuz başa gəldiyini də fikirlərinə əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR