Azərbaycan Dövlət Neft Şirkətinin ötən ilki balans mənfəəti 1 mlrd. dolları ötüb

Azərbaycan Dövlət Neft Şirkətinin ötən ilki balans mənfəəti 1 mlrd. dolları ötüb
# 11 aprel 2012 07:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) aktivlərinin həcmi 17 mlrd. manata çatıb. «APA-Economics»in məlumatına görə, bunu «ARDNŞ-ın neft-qaz və neft-kimya Forumu»nda çıxışında ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Forumda şirkətin fəaliyyəti haqqında danışan S.Qasımov 2011-ci ildə ARDNŞ-ın illik balans mənfəətinin 879 mln. manat (1 mlrd. ABŞ dollarından artıq) təşkil etdiyini bildirib. Hazırda şirkətdə 70 mindən çox işçi çalışır. Artıq 2008-ci ildən başlayaraq beynəlxalq maliyyə hesabatlılığı prosesi avtomatlaşdırılıb, hazırda isə istehsalatın avtomatlaşdırılması istiqamətində iş aparılır.

Fəaliyyət göstərdiyi müddət ərzində şirkətə «Fitch Raiting» tərəfindən «BBB-/stabil» «Moody’s» tərəfindən «Ba1/stabil» və «Standard Poors» tərəfindən «BB+ /stabil» reytinq dərəcələri verilib.

Şirkətin Ukrayna, Gürcüstan və digər ölkələrlə əməkdaşlığından danışan S.Qasımov bildirib ki, hazırda ARDNŞ investisiya fəaliyyətini daha da genişləndirir.

Bundan başqa şirkət rəsmisinin sözlərinə görə, bu ilin fevral ayında ARDNŞ tərəfindən buraxılan ümumi həcmi 500 mln. dollarlıq avrobond emissiyası böyük maraqla qarşılanıb: «Bu avrobondların yerləşdirilməsinin məqsədi gələcəkdə ARDNŞ-ın iri layihələrin maliyyələşdirilməsinə tələb olunan vəsaitin əldə edilməsinin asanlaşdırılması ilə bağlıdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR