Azərbaycanın könüllü daşınmaz əmlak sığortası bazarı 50% artıb

Azərbaycanın könüllü daşınmaz əmlak sığortası bazarı 50% artıb
# 25 iyun 2012 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda daşınmaz əmlakın könüllü sığortası üzrə 11,585 mln. manatlıq sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 49% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya əsasən, könüllü əmlak sığortası üzrə ən çox sığorta haqqı «Əmlakın yanğından və digər risklərdən sığortası» (11,437 mln. manat) növü üzrə toplanılıb ki, bu da əmlak sığortası üzrə məcmu yığımların 76%-ni, könüllü əmlak sığortası üzrə daxilolmaların isə 98%-ni təşkil edir.

Həmçinin, hesabat dövründə könüllü əmlak sığortası üzrə sığorta hadisələrinə görə aparılan ödənişlərin həcmi 13% artaraq 1,106 mln. manata çatıb.

Bununla yanaşı, car ilin yanvar-may aylarında icbari əmlak sığortası üzrə 3,466 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bunun da 3,328 mln. manatı «Daşınmaz əmlakın icbari sığortası» və 137,610 min manatı «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» növlərinin payına düşüb. Qeyd edək ki, icbari əmlak sığortası üzrə yığımların həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,3% az olub. Ödənişlərin həcmi isə 4,1 dəfə azalaraq 48,881 min manat təşkil edib.

Xatırladaq ki, 2012-ci ilin yanvar-may aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 144,703 mln. manat, ödənişlərin həcmi isə 32,945 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR