Rus bölməsi üçün “Azərbaycan dili” fənnindən ilk imtahanda 9443 abituriyent iştirak edəcək

Rus bölməsi üçün “Azərbaycan dili” fənnindən ilk imtahanda 9443 abituriyent iştirak edəcək
# 08 may 2012 14:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 13-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində imtahan keçirəcək. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 8-dan etibarən TQDK-nın internet saytına daxil olaraq çap edə bilirlər. Abituriyentlər imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, 16 yaşı 2012-ci il aprelin 30-dək tamam olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməlidirlər.

İmtahanda iştirakı nəzərdə tutulan 9443 abituriyentdən 4038 nəfəri oğlan, 5405 nəfəri qızdır. 6788 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki, 2655 nəfər isə əvvəlki illərin məzunlarıdır.

Bakı şəhərində 6492 , Naxçıvanda 34 , Gəncədə 1411, Sumqayıtda 565, Şəkidə 316, Lənkəranda 208, Qubada 417 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.
İmtahan Bakı şəhərində 11, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçiriləcək. İmtahanın idarə olunması üçün 66 imtahan rəhbəri, 713 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahan bütün şəhərlərdə eyni vaxtda- saat 14:00-da başlayacaq.

Mayın 13-də keçiriləcək “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini mayın 4-ü saat 17:00-a kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər. “Elektron ərizə”lərini Sənəd Qəbulu Komissiyalarında (SQK) mayın 4-dən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə iyunun 24-da keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.

İmtahan 45 dəqiqə ərzində aparılacaq və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək, “məqbul” alanlar qəbul imtahanlarına buraxılacaqlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Mayın 4-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 24-da keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR