KXCP-dəki “Demokratik Birlik” fraksiyasının həmtəsisçiləri arasında fikir ayrılığı yaranıb

KXCP-dəki “Demokratik Birlik” fraksiyasının həmtəsisçiləri arasında fikir ayrılığı yaranıb
# 18 oktyabr 2012 12:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) daxilində fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyasının həmtəsisçiləri arasında fikir ayrılığı yaranıb.

APA-nın məlumatına görə, KXCP sədrinin sabiq müavini Fikrət Cəfərov partiyadan çıxarıldıqdan sonra “Demokratik Birlik” fraksiyasının adından yayılan bəyanat adıçəkilən qrupun təsisçiləri tərəfindən birmənalı qarşılanmayıb. Fikrət Cəfərov bu məsələyə geniş şərh verməsə də, fraksiyanın həmtəsisçisi, KXCP sədrinin müavini Aydın Mədətoğlu bəyanatdan məlumatlı olmadığını deyərək bu halı özbaşınalıq kimi xarakterizə edib və fraksiyanın yığıncağında F.Cəfərova xəbərdarlıq ediləcəyini söyləyib.

KXCP sədrinin keçmiş müavini, fraksiyanın həmtəsisçisi Qaya Əliyev isə deyib ki, bəyanat ona tərəfdar çıxanların mövqeyini əhatə edir: “Qərar çoxluğun mövqeyi ilə verilir. Əlbəttə, həmin bəyanatda səslənən fikirlərlə tam şərikəm və öz mövqeyim olaraq qəbul edirəm. Bəzən hadisələr elə surətlə inkişaf edir ki, dərhal toplantı çağırıb, məsələni uzun-uzadı müzakirə edib bəyanat qəbul etməyə imkan və vaxt da olmur. Bəzən mobil qərar qəbuluna ehtiyac duyulur”.

KXCP sədrinin keçmiş müavini, partiyanın Salyan rayon təşkilatının sədri Ədalət Yusubov bildirib ki, F.Cəfərovun partiyadan çıxarılması ilə əlaqədar bəyanat verilməli idi. Lakin bəyanatın mətni siyasi məzmun kəsb etməli və partiyanın Nizamnaməsi ilə uyğunlaşdırılmalı idi: “Bəyanatın mətnindən və yayılmasından məlumatım olmayıb. Digər fraksiya üzvləri ilə də əlaqəm olub və əksəriyyəti də bəyanatdan məlumatsız olduğunu deyiblər”. O, aydınlıq gətirilməsi üçün fraksiyanın növbəti yığıncağında məsələnin müzakirə ediləcəyini də qeyd edib: “Əvvəlcədən atılacaq addımla bağlı bir söz demək mümkün deyil. Fikirlər dinlənildikdən sonra nəticə ilə bağlı açıqlama veriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR