Azərbaycan prezidenti Ələtdə xüsusi iqtisadi zonanın yaradılması haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Ələtdə xüsusi iqtisadi zonanın yaradılması haqqında sərəncam imzalayıb
# 17 mart 2016 14:54 (UTC +04:00)

APA-nın məlumatına görə, İqtisadiyyat Nazirliyinə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə altı ay müddətində Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təkliflərini müvafiq məlumatlarla birlikdə prezidentə təqdim etmək, habelə beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, Azərbaycanda xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, sərəncamın 1.1-ci bəndində qeyd olunmuş zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı təkliflərini prezidentə təqdim etmək tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə yaradılması təklif olunan zonanın ərazisinə dair təkliflərini, həmin ərazinin torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısını, zonanın ərazi sərhədlərinin dəqiq təsvirini və ərazinin planını, torpaqların tərkibi haqqında məlumatları, iqtisadi, sosial və ekoloji şəraitin təhlilinə, maddi və əmək resurslarına, kommunikasiyalar və digər infrastrukturla təminat imkanlarına dair məlumatları prezidentə təqdim etməlidir.

Öz növbəsində Maliyyə Nazirliyi bir ay müddətində sərəncamın 1.2-ci bəndində göstərilən tədbirlərin maliyyələşdirilməsini təmin etməlidir. Nazirlər Kabineti isə sərəncamın 1.3-cü bəndində göstərilən məsələlərin həyata keçirilməsi məqsədi ilə zəruri tədbirlər görməli, digər məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR