Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planı müzakirə edilib

Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planı müzakirə edilib
# 15 fevral 2016 16:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Şəki şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar tədbirlər planı müzakirə edilib.

APA-nın məlumatına görə, görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, nazir müavinləri və tədbirlər planına cavabdeh əməkdaşlar iştirak ediblər.

Ə. Qarayev Şəkinin Azərbaycanın tarixi şəhərlərindən biri olduğunu və şəhərin tarixi əhəmiyyətinin turizm məqsədləri üçün istifadəsinin vacibliyini vurğulayıb. Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan olunmasından bəhs edən nazir qeyd edib ki, bu il ərzində silsilə tədbirlər keçiriləcək.

Nazir əlavə edib ki, Şəki şəhərinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı sənədlər təşkilata təqdim edilib.

E. Usubov qeyd edib ki, hazırda Şəkidə 84 tarix və mədəniyyət abidəsi mövcuddur, həmin abidələr artıq turizm nümayiş obyektinə çevrilib. Onun sözlərinə görə, ötən il Şəkiyə 120 min turist səfər edib.

Qeyd edək ki, Şəki şəhəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistanın Marı şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR