DİN-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib

DİN-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib
# 31 mart 2016 20:15 (UTC +04:00)

Bakı-APA. Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.

DİN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin az müddət sonra regionu, sözün əsl mənasında, "qan çanağı"na çevirdiklərini, onların "Böyük Ermənistan" kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımların azərbaycanlılara qarşı kütləvi qətliamların və soyqırımı aktlarının reallaşması ilə nəticələndiyini, bu qanlı tarixin qısa fasilələrlə, dəfələrlə təkrarlandığını iştirakçıların diqqətinə çatdırıb.

Nazir müavini İsmət Əliyevin təklifi ilə mərasim iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Nazir müavini xüsusi qeyd edib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımılarının rəsmən adı çəkilib, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb.

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin indiyədək davam etdiyini, nəticədə yüz minlərlə insanın qətlə yetirildiyini, bu barədə real faktların və həqiqətlərin keçmiş sovet hakimiyyəti dönəmində ümumiyyətlə təhrif olunduğunu təəssüflə qeyd edib.

O, real faktlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan ətraflı məruzə ilə çıxış edib. Bildirilib ki, təkcə XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən edilən soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr, 1991-1993-cü illərdə isə 20 faiz ərazisini itirib, yüz minlərlə insan isə soyqırımı nəticəsində məhv edilib.

Məruzədə xüsusən ötən əsrin əvvəllərindən başlayaraq imperiya qüvvələrinin, imperialist dairələrin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına bürünmüş erməni millətçiləri və daşnak silahlı birləşmələri tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın - qocaların, qadınların və uşaqların sistemli və məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edildiyi, həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyi, eyni zamanda, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığı sayəsində bu kütləvi qırğınlara, soyqırımına son qoyulduğu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR