Moskvada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Moskvada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib
# 25 iyun 2016 02:30 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya paytaxtında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan Rusiyadakı səfirliyinin Qonaq Evində keçirilən mərasimdə 70-dən çox ölkənin hərbi attaşeləri, Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib ki, azərbaycanlılar öz ordusuna xüsusi ümidlər bəsləyir: "Çünki ölkəmiz Ermənistanın hərbi təcavüzünə məruz qalıb, Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyondan artıq qaçqınımız var. Siyasi-diplomatik səylərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, BMT Baş Assambleyası, AŞPA və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına Ermənistan tərəfindən məhəl qoyulmur. Təəssüflər olsun ki, danışıqlar nəticə vermir. Bir həftə bundan öncə, iyunun 20-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə üçtərəfli görüş keçirildi. Görüş müsbət əsasda baş tutdu. Bu, bizə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə ümid verir. Lakin buna baxmayaraq ordu uğurun zaminidir. Məhz ordu hər bir ölkənin, o cümlədən Azərbaycanın suverenliyini və toxunulmazlığını təmin edir".

Səfir Sovetlər İttifaqının süqutundan sonra Azərbaycanın Ermənistan tərəfindən təcavüz məruz qaldığını vurğulayıb: "90-cı illərin əvvəllərində regionda xaos baş verirdi. Məhz o zaman vəziyyətdən istifadə olundu və təəssüflər olsun ki, biz təcavüzə məruz qaldıq. Qeyd etmək istəyirəm ki, o zaman bizim ordumuz yox idi. Müqavimət göstərməyə cəhd edən könüllü dəstələr mövcud idi. Bunun qarşılığında Dağlıq Qarabağda Moskvadan gələn tapşırıqla dinc sakinlərdən bütün silahlar alınmışdı. Hətta ov silahları da camaatdan yığılmışdı. Lakin həmin vaxt əks tərəf isə məqsədyönlü şəkildə silahlandırılırdı. Azərbaycan həmin vaxt layiqincə təcavüzə cavab verməyə hazır deyildi. Məhz bu səbəbdən biz ərazimizin bir hissəsini itirdik. Lakin bu gün mənzərə tamamilə fərqlidir. Bu gün Azərbaycan güclü orduya malikdir, hansı ki, bu ordu, ali baş komandan tərəfindən qoyulan tapşırıqları yerinə yetirməyə qadirdir. Son illərdə Azərbaycan ordusunun gücü düşmənin qarşısında özünü dəfələrlə sübut edib. Xüsusi ilə də bu ilin aprel ayının əvvəlində əks tərəfin təxribatına cavab olaraq düşmənin müdafiə xəttini uğurla yararaq Azərbaycan ordusu qarşısına qoyduğu məqsədə çatmış oldu. Bununla ordumuz bir daha sübut etdi ki, qarşısına qoyulan bütün məqsədləri yerinə yetirməyə qadirdir. Əlbəttə ki, biz diplomatlar, müharibənin olmamağını istəyirik. İstəmirik ki, qan tökülsün, gənc insanlar həlak olsunlar".

Daha sonra Azərbaycanın Rusiyadakı hərbi attaşesi, polkovnik Rac Babayev çıxış edib. O, Azərbaycan milli ordusunun yaranması tarixi haqqında danışıb

Sonda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü şərəfinə qonaqlara ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR