Bakıda “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib

Bakıda “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib
# 01 oktyabr 2016 12:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı -APA. Bu gün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) Səhiyyə Nazirliyi ilə birgə “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans keçirib. APA-nın xəbərinə görə, konfransda ölkədə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

Konfransda Cəmiyyətin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev bildirib ki, “Dünya Ürək Günü” ilə əlaqədar “Sağlam Ürək Həftəsi” elan edilib.

K.Musayev qeyd edib ürək-damar xəstəliklərinin bir çoxunun qarşısını almaq mümkündür. O, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən ölümə səbəb bu xəstəliklərin 3/4 hissəsinin qarşısını almağın mümkün olduğunu açıqlayıb: "Bunun üçün insanların həyat tərzlərində müəyyən dəyişiklik etmələri kifayətdir. Son 15 ildə Azərbaycanda kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində ciddi dəyişikliklər edilib. Bakı və regionlarda mürəkkəb ürək-damar əməliyyatları uğurla icra olunur. Lakin bununla kifayətlənməməli, bu sahə üzrə müəyyən işlər görülməlidir. Ürək sağlamlığının qorunmasında ilk növbədə insanların özləri də məsuliyyət daşıyır. Hamını aktiv həyat sürməyə çağırıram".

Millət vəkili Qənirə Paşayeva bildirib ki, hər bir insan özü həyat tərzi haqqında düşünməlidir: “İnsanların sağlamlığına ziyan olan, ürək qan-damar xəstəliklərinin yaranmasının səbəblərindən biri siqaretə qarşı hər zaman kampaniya aparılmalıdır. Təəssüf ki, bu günə kimi parlamentdə ictimai yerlərdə siqaret çəkməni qadağan edən qanun qəbul edə bilməmişik. Amma inanıram ki, yaxın müddətdə bu reallaşacaq. Bununla da ürək xəstəliklərinin yaranmasının qarşısını qismən də olsa almış olarıq. Ürək xəstəliklərinin qarşısının alınması hər birimizdən, qarşılıqlı münasibətlərdən, sağlam həyat tərzindən asılıdır".

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Fərid Əliyev konfransın keçirilməsini yüksək qiymətləndirib və işinə uğurlar arzulayıb.

Konfrans müxtəlif mövzularda olan məruzələr və qarşılıqlı fikir mübadiləsi çərçivəsində davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR