Bolqarıstan prezidenti BDU-nun fəxri doktoru olub

Bolqarıstan prezidenti BDU-nun fəxri doktoru olub
# 10 mart 2016 14:43 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetində (BDU) Bolqarıstan prezidenti Rosen Plevneliyevə universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.

BDU-dan APA-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmov dünyanın tanınmış siyasətçilərindən biri, müasir dünyada elmin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Rosen Plevneliyevin Bakıda keçirilən “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəldiyini deyib. Qonaq haqqında məlumat verən rektor bildirib ki, R. Plevneliyev Bolqarıstanın çiçəklənməsi, demokratik dəyərlərin möhkəmlənməsi, ölkənin Avropa yönümlü tərəqqisi, həmçinin elmin və təhsilin inkişafı üçün böyük işlər görüb. Ali qonağın prezident seçildiyi gündən Dağlıq Qarabağ məsələsində Azərbaycana davamlı dəstəyi olduğunu, ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini, Bolqarıstan və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini də xüsusi vurğulayıb.

Bir sıra tarixi şəxsiyyətlərin BDU-nun fəxri doktoru olduğunu deyən rektor universitetin Elmi Şurasının iclasında Rosen Plevneliyevə BDU-nun fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edildiyini nəzərə çatdırıb. Bolqarıstan Prezidenti “Dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük roluna, Azərbaycan-Bolqarıstan Respublikaları arasında qardaşlıq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə” Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb.

R. Plevneliyev, öz növbəsində, Azərbaycan-Bolqarıstan münasibətlərinin, o cümlədən təhsil sahəsində əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğulayıb. Sonda o, tədbirdə iştirak edən tələbələrin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR