Argentinanın nüfuzlu saytında Xocalı soyqırımı haqqında geniş yazı yayılıb

Argentinanın nüfuzlu saytında Xocalı soyqırımı haqqında geniş yazı yayılıb
# 05 mart 2016 09:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İkinci Dünya Müharibəsindən sonra beynəlxalq ictimaiyyət insan hüquqları və dövlətlərin müdafiəsinə yönəlmiş beynəlxalq təcrübə qaydalarını sistemləşdirərək dövlətlərarası münasibətlərin qanunun aliliyinə əsaslanaraq idarə olunması üçün geniş konsensus əldə edib. Buna baxmayaraq, bu böyük addım silahlı münaqişələrə son qoya bilməyib ki, Azərbaycanın qərbində yerləşən bir şəhər - Xocalıdakı hadisə buna bir nümunədir”.

APA-nın xəbərinə görə, bu barədə argentinalı jurnalist Vanina Soledad Fattorininin geniş oxucu kütləsinə malik ispandilli informativ-analitik xəbər portalı olan “United Explanations”da dərc olunmuş “Xocalı soyqırımı: Dağlıq Qarabağın qaranlıq və tanınmamış səhifəsi” adlı məqaləsində deyilir.

Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağ Qafqaz regionunda Azərbaycanla Ermənistan arasında yerləşən və sonuncu tərəfindən işğal olunmuş münaqişəli ərazidir: “Baş verənlər Azərbaycan dövləti və insan hüquqları üzrə təşkilatlar, məsələn, Human Rights Watch, tərəfindən soyqırım kimi təsnif olunub. Belə ki, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya istinadən soyqırım bir milli qrupun düşünülmüş şəkildə tam və qismən məhv edilməsi niyyətilə qətliamın törədilməsidir. Bu qarşıdurmanın qurbanlarının sayı burada baş verənlərin həcmini əks etdirir. Azərbaycan tərəfinin məlumatına əsasən 613 nəfər mülki vətəndaş, o cümlədən, 106 qadın və 63 uşaq qətlə yetirilib. Minlərlə insan yaralanıb, eyni zamanda faciə gecəsi 1275 nəfər əsir düşüb, onların böyük əksəriyyəti işgəncələrə məruz qalıb və qətlə yetirilib, 150 nəfər insan itkin düşüb və bugünədək barələrində heç bir məlumat yoxdur. Hadisələr barəsində hesabatında HRW bildirir ki, Xocalıda baş verənlər “Ermənistan və Azərbaycan arasındakı münaqişə dövrü ərzində ən dəhşətli qətliam” olub. Digər tərəfdən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 2015-ci ildəki qətnaməsində qeyd edir ki, azərbaycanlılar erməni döyüşçülərinin hücum edərək işğal etdiyi şəhərdən qaçmağa məcbur olub. Bu səbəbdən, Xocalıda baş verənlər müharibə cinayətləri və insanlığa qarşı cinayətlər olan xüsusilə ağır cinayət əməlləri kimi qiymətləndirilib”.

Müəllifin fikrincə, münaqişə erməni millətçilərinin (həm Dağlıq Qarabağda, həm də Ermənistanda) Azərbaycana məxsus olan bu ərazini Ermənistana birləşdirmək üçün kampaniyaya başlamalarından irəli gəlir. Onun sözlərinə görə, Minsk Qrupu tərəfindən müəyyən edilmiş danışıqlar prosesi vasitəsilə diplomatik həll yolu iki ölkə arasında sülhün bərqərar olunması üçün gözlənilən nəticələri verməyib, danışıqlar isə “ölü nöqtədə” qalıb ki, bu da münaqişəni “həlli uzanmış” münaqişə kimi xarakterizə edir.

“Kədərli nəticə bundan ibarətdir ki, hərbi qüvvələrin əli ilə çoxsaylı dinc əhalinin qətlə yetirilməsi təsdiqini tapsa da, bugünə kimi burada ədalət bərpa olunmayıb və cavabdehlərin cinayət mühakiməsi baş tutmayıb. Əgər biz beynəlxalq gündəmə ədalətli və sülh içində bir dünya arzusu ilə baxmaq istəyiriksə, Xocalı qətliamının törədilməsi faktı inkar olunmamalıdır. Həmçinin müvafiq ədalət mühakiməsinin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin zəruri həllinin gözlənildiyi danılmamalıdır. Burada da digər hallar kimi diplomatiya davam edən zorakılığın qarşısını ala bilmir. Digər tərəfdən, münaqişənin həllini tapmaması Qafqaz regionunun sabitliyini təhlükə qarşısında qoyur”, - deyə məqalədə qeyd edilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR