İstanbulda məşhur jurnalist-yazarın anım mərasimi keçirilib

İstanbulda məşhur jurnalist-yazarın anım mərasimi keçirilib
# 12 dekabr 2015 20:17 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. İstanbulda Türk ölkələri arasında əlaqələrin gücləndirilməsi sahəsində dəyərli işlər görmüş tanınmış jurnalist-yazar Sərvət Kabaklının anım mərasimi keçirilib. APA-nın Türkiyə müxbirinin məlumatına görə, Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən təşkil edilən anım mərasimində Sərvət Kabaklının qardaşı Sərhəd Kabaklı, AKP-nin qurucu üzvü, professor Nevzat Yalçıntaş və başqaları çıxış edərək Sərvət Kabaklı Türk jurnalistika tarixindəki yeri barədə danışıblar. Mərasimin sonunda Sərvət Kabaklının əmisi oğlu, tanınmış türküçü Əsəd Kabaklı bəzi xatirələrini salondakılarla bölüşəndən sonra Sərvət Kabaklının sevdiyi türküləri oxuyub.

Qeyd edək ki, 1956-cı ildə Əlazığ vilayətinin Harput qəsəbəsində anadan olan Sərvət Kabaklı Ərzurumdakı Atatrük adına universitetin dil-ədəbiyyat fakültəsinə daxil olub, daha sonra Əlazığdakı Fırat universitetinə keçərək təhsilini orada tamamlayıb. Türkiyənin müxtəlif qəzetlərində çalışan Sərvət Kabaklı türkdilli ölkələrin müstəqillik əldə edib Türkiyə ilə yaxın əlaqələr yaratmasında müşaviri olduğu prezident Özalla çiyin-çiyinə çalışıb. Əmisi Əhməd Kabaklının vəfatından sonra Türk Ədəbiyyat Vəqfini idarə etməyə başlayan Sərvət Kabaklı, imtiyaz sahibi olduğu “Türk ədəbiyyatı” dərgisində Azərbaycan ədəbiyyatından önəmli əsərləri çap edib. Sərvət Kabaklı hər il Əlazığda keçirilən Xəzər şeir gecələrinin də təşkilatçılarından biri kimi o tədbirlərdə Azərbaycandan şair və yazarların daha geniş tərkibdə iştirakına nail olub. Ömrünün son illərini Türk Ədəbiyyatı Vəqfini idarə etməklə keçirən Sərvət Kabaklı avqustun 29-da ağ ciyər xərçəngi xəstəliyindən 59 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR