Binəqədi rayonunda təhsillə bağlı elmi-praktik konfrans keçirilib

Binəqədi rayonunda təhsillə bağlı elmi-praktik konfrans keçirilib
# 09 sentyabr 2016 11:14 (UTC +04:00)

Bakı – APA. Binəqədi rayonunda 2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş “Azərbaycan təhsili müstəqillik illərində” elmi-praktik konfrans keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Gövhər Baxşəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru, professor Əminağa Sadıqov, “Rio de Janeyro-2016 Yay Olimpiya Oyunları”nın gümüş medalçısı Rüstəm Orucov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, orta məktəbi qızıl medalla bitirmiş məzunlar İbrahim Əlizadə və Səbinə İsayeva, habelə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransda Binəqədi icra başçısının müavini Aygün Əliyeva “Binəqədi rayonunda 2015-2016-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, ötən 10 il ərzində Binəqədi rayonunda 25 məktəbdə əsaslı təmir aparılıb, 18 məktəbdə əlavə korpuslar tikilib istifadəyə verilib. Onun sözlərinə görə, bu il rayonun orta məktəblərini bitirən 2441 məzundan 1354-ü ali məktəblərə qəbul olub. 600 və 600-dən yuxarı bal toplayanların sayı 90 nəfər olub. 650-dən çox bal toplayanların sayında da keçən illə müqayisədə 11 nəfər artaraq 34 nəfər təşkil edib.

Konfransda çıxış edən G. Baxşəliyeva, M. Vəliyeva və Ə. Sadıqov hazırda dünya standartlarına cavab verə biləcək səviyyədə, yüksək keyfiyyətli təhsil almaq üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildiriblər.

X. İsgəndərov isə Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışıb. O, prezident İlham Əliyevin yürütdüyü, inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu vurğulayıb, Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğu bildirib.

Konfransın sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR