Bakının yollarında işıq əksetdirən xüsusi dirəklər quraşdırılır

Bakının yollarında işıq əksetdirən xüsusi dirəklər quraşdırılır
# 22 aprel 2016 11:05 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Heydər Əliyev prospektində "Böyükşor" yol qovşağına doğru olan istiqamətdə əsas yoldan köməkçi yola keçid üçün nəzərdə tutulmuş xüsusi hissələrdə asfalt üzərinə işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.

"APA-Ecoonmics" xəbər verir ki, "Azəravtoyol" ASC tərəfindən işıq əksetdirici xüsusi siqnal dirəklərinin quraşdırılmasında məqsəd bəzi nizam-intizamsız sürücülərin köməkçi yoldan əsas yola çıxmasının qarşısını almaqdır.

Baxmayaraq ki, bu cür halların qarşısını almaq üçün həmin ərazilərdə xəbərdaredici yol nişanları quraşdırılıb, yolun hərəkət hissəsinə xüsusi qabarıq yol-cizgi xətləri çəkilib, ancaq yenə də bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq köməkçi yoldan əsas yola çıxmağa cəhd göstərirdilər. Nəticədə isə digər nəqliyyat vasitələrinin hərəkətinə mane olurdular və qəza şəraiti yaranırdı. Hazırda isə sözügedən xüsusi siqnal dirəklərinin quraşdırılması ilə bunun qarşısı tamamilə alınıb.

Qeyd edək ki, işıq əksetdirici xüsusi siqnal dirəklərinin paytaxtın digər avtomobil yollarının zəruri olan hissələrində də quraşdırılması işləri aparılır.

Bu cür siqnal dirəklərinin quraşdırılması xüsusən sutkanın qaranlıq vaxtlarında nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün vacib bir addımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR