“Azərbaycan Cümhuriyyəti tələbələri” kitabı nəşr olunub

“Azərbaycan Cümhuriyyəti tələbələri” kitabı nəşr olunub
# 27 may 2016 14:21 (UTC +04:00)

Bakı-APA. "TEAS Press" Nəşriyyat evi tərəfindən “Azərbaycan Cümhuriyyəti tələbələri. Tarixi arayış, bəlgələr, yaşamlar” kitabı nəşr edilib. Bu barədə APA-ya Avropa-Azərbaycan Cəmiyyətindən (TEAS) bildirilib. Məlumata görə, TEAS-ın Azərbaycanşünaslıq Araşdırmaları Mərkəzi tərəfindən nəşrə hazırlanan, professor Ədalət Tahirzadə və Oğuztoğrul Tahirli tərəfindən birgə yazılan kitab Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1920-ci ilin yanvarında xarici ölkələrə oxumağa göndərdiyi 102 tələbəyə həsr edilib.

Müəlliflərin üzərində 15 ildən artıq çalışdığı əsər 1222 səhifədən ibarətdir. Əsərdə 1000-dən artıq nadir foto əksini tapıb. Oxucular onların əksəriyyəti ilə ilk dəfə tanış olacaqlar. Müəlliflər Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstanın 17 arxivindən götürülən və əhəmiyyətli hissəsi elmi dövriyyəyə ilk dəfə daxil edilən 465 arxiv sənədindən, 114 əski mətbuat orqanından, 104 kitabdan, 133 məqalədən və 15 internet materialından qaynaq kimi yararlanıblar.

Elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əsgər Quliyev olan kitaba tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov “Azərbaycan dövlətçiliyi tarixində təhsil məsələləri” adlı ön söz yazıb. Əsərə AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, UNESCO-nun keçmiş şöbə müdiri Ramiz Abutalıbov və AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli rəy veriblər.

Monoqrafiya 3 bölümdən ibarətdir. 189 səhifəlik 1-ci bölümdə tələbələrin xaricə göndərilməsi prosesinin tarixi haqqında geniş tarixi arayış verilib. Burada azərbaycanlıların ali təhsil tarixindən söz açılıb və 1920-ci ilədək ali məktəblərdə oxumuş 774 soydaşımızın siyahısı verilib. 115 səhifəlik 2-ci bölüm müxtəlif arxivlərdən götürülmüş, ərəb qrafikasından latına, rus dilindən Azərbaycan türkcəsinə çevrilmiş 93 sənədin tam mətnindən ibarətdir. 740 səhifəlik 3-cü bölümdə 102 tələbənin hər birinin tərcümeyi-halı ayrıca verilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR