AIDA-nın layihəsi çərçivəsində doqquz ölkədə 50000-dən çox insanın görmə qabiliyyəti bərpa olunub

AIDA-nın layihəsi çərçivəsində doqquz ölkədə 50000-dən çox insanın görmə qabiliyyəti bərpa olunub
# 29 sentyabr 2016 11:27 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) 5 yaşı tamam olur.

APA-nın məlumatına görə, 2011-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış agentlik Azərbaycanın inkişafında yeni dövr və dönüş nöqtəsi sayılır. Bu qurumun yaradılması ilə Azərbaycan yardım alan ölkədən yardım verən ölkəyə çevrildiyini bəyan edib. AIDA dünyanın inkişaf etmiş ölkələri, nüfuzlu beynəlxalq təşkilatları ilə birlikdə inkişafdan geri qalan, problemlərinin həllində təkbaşına aciz olan dövlətlərə yardım göstərir.

Agentlik BMT İnkişaf Proqramı (UNDP), BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə Ofisi (OCHA), İslam Əməkdaşlıq Təşkilatı, İslam İnkişaf Bankı, Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (APC Colombia) və bir sıra nüfuzlu beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edir.

Fəaliyyətini humanitar yardımın göstərilməsi və beynəlxalq inkişafa dəstək istiqamətində quran Agentlik Azərbaycan dövləti və xalqı adından dünyanın inkişaf etməkdə olan ölkələrində yoxsulluğun azaldılması, elmin, mədəniyyətin və səhiyyənin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, enerji resurslarından səmərəli istifadə, müxtəlif təyinatlı təqaüd proqramlarının, habelə humanitar və texniki təyinatlı digər layihələri həyata keçirir. Latın Amerikası, Afrika və Asiyada bu proqramlardan faydalanan ölkələrin sayı artıq 30-u ötüb.

AIDA-nın İslam Əməkdaşlıq Təşkilatına üzv olan 9 Afrika ölkəsində (Burkina Faso, Çad, Cibuti, Benin, Qvineya, Kamerun, Niger, Mali və Liviyada) həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində 50000-dən çox insanın görmə qabiliyyəti bərpa olunub.

Bundan başqa, AIDA Fələstin dövlətinin Qəzza bölgəsinə, Filippinə, Sent Vinsent və Qrenadinə, Panama, Burkina Faso, Kuba, Əfqanıstana, İordaniyada məskunlaşmış Suriya qaçqınlarına yardım göstərib. 15-dən artıq ölkədən olan tədqiqatçıların elmi araşdırmalarına dəstək verilib. Latın Amerikası, Asiya və Afrikadan olan 26 ölkənin neft-qaz sahəsindəki mütəxəssisləri üçün Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutunda enerji resurslarının hasilatı üzrə ixtisasartırma seminarı keçirilib.

“Hazırda biz sıra ölkələrdə yardım layihələri keçiririk. Bizim üçün böyük məsuliyyət və fəxrdir ki, bu illər ərzində xalqımızın mərhəmətini ehtiyacı olan xalqlara layiqincə çatdıra bilmişik”, - deyə AIDA-nın rəhbəri Əşrəf Şıxəliyev bildirib.

Qeyd edək ki, AIDA Bakı Beynəlxalq Humanitar Forumunda dəyirmi masalardan birinin təşkilində yaxından iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR