KİVDF jurnalistləri mükafatlandırıb

KİVDF jurnalistləri mükafatlandırıb
# 20 iyul 2015 09:30 (UTC +04:00)

Bakı. Ramizh Mikayıloğlu-APA. Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, müsabiqəyə 19 istiqamət üzrə 153 yazı təqdim edilib.

Bu istiqamətlər üzrə birinci yer üçün 500 manat məbləğində bir mükafat, ikinci yer üçün 400 manat məbləğində 2 mükafat, üçüncü yer üçün 300 manat məbləğində 3 mükafat nəzərdə tutulub. Ümumilikdə qaliblər üçün 114 mükafat nəzərdə tutulsa da, bir neçə istiqamət üzrə yazılar az təqdim olunub və buna görə də 111 jurnalist mükafatlara layiq görülüb.

Yazıların qiymətləndirilməsində ekspert kimi iştirak etmiş professor Cahangir Məmmədli bu müsabiqəyə təqdim olunan yazılarda vətəndaşlıq mövqeyinin daha çox əksini tapmasını təqdir edib, ancaq yazılarda fərdi üsluba az rast gəlinməsini çatışmayan cəhət kimi qeyd edib. KİVDF Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli jurnalistlərin bu müsabiqəyə təqdim etdikləri yazılarda ötən müsabiqələrə təqdim edilən yazılarla müqayisədə araşdırmaların daha əhatəli olduğunu söyləyib. KİVDF Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə isə bildirib ki, KİVDF-nin təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsində iştirak edən jurnalistlərin və KİV-lərin sayının artması sevindirici haldır. V. Rəhimzadə bəzi araşdırma xarakterli yazılarda müəyyən məsələlərlə bağlı fikir söyləmək səlahiyyətinə malik olmayan şəxslərin fikirlərinin öyrənilməsi hallarına rast gəlindiyini xatırladıb və jurnalistləri bu kimi halları aradan qaldırmağa çağırıb. Eyni zamanda ötən müsabiqələrlə müqayisədə jurnalistlərin mövzuya peşəkar yanaşmalarında irəliləyişin hiss olunduğunu müsbət hal kimi qiymətləndirib.

Daha sonra müsabiqə qaliblərinə diplomlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR