Qənirə Paşayeva Pakistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb

Qənirə Paşayeva Pakistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb
# 02 dekabr 2014 08:18 (UTC +04:00)

Bakı – APA. Pakistanın Lahor şəhərində Asiya Parlament Assambleyasının 7-ci plenar sessiyasında iştirak edən millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Pakistan Parlamentinin Xarici Əlaqələr, Kəşmir Məsələləri Komitəsinin sədri, senator Hacı Mohammad Adeellə görüşüb. APA-nın xəbərinə görə, Azərbaycan xalqının Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyən Q. Paşayeva komitə sədrinə təşəkkürünü bildirib. O, Azərbaycan xalqının hər zaman Pakistana böyük sevgi bəslədiyini vurğulayıb: “Pakistan Milli Assambleyası Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir".

Q. Paşayeva senator Hacı Mohammad Adeelə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları snayperlərlə hədəfə alması, Ermənistanın dünyadakı erməni diaspor və lobbisi ilə Azərbaycan əleyhinə apardıqları siyasət və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də komitə sədrinə geniş məlumat verib və fikir mübadiləsi aparılıb.

Azərbaycanda səfərdə olduğunu, yüksək səviyyədə görüşlər keçirdiyini və dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən H. M. Adeel Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini söyləyib. O, bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını nəzərə çatdırıb.

Qənirə Paşayeva həmsöhbətini Azərbaycana dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR