Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Əfqanıstana səfər edib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Əfqanıstana səfər edib
# 12 noyabr 2014 11:57 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Əfqanıstanda səfərdədir. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Səfər Əfqanıstanın daxili işlər naziri Mohammad Omar Daudzai və Daxili İşlər Nazirliyi Sərhəd Polisinin baş komandanı, general-polkovnik Mohammad Şəfiq Fəzlinin dəvəti ilə gerçəkləşir. Noyabrın 10-da Mohammad Şəfiq Fəzlinin və Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Əfqanıstanın sərhəd təhlükəsizliyi sistemi, Sərhəd Polisinin vəzifələri, dövlət sərhədlərinin mühafizəsinin təşkili üzrə həyata keçirilən fəaliyyətlər və mövcud problemlər barədə məlumat verilib. Tərəflər arasında beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotrafik və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq, ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində general-polkovnik Elçin Quliyev Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar, müdafiə naziri, ordu generalı Bismilla Xan Mohammad, daxili işlər naziri Mohammad Omar Daudzai, daxili işlər nazirinin birinci müavini ordu generalı Mohammad Əyub Sələngi, sənaye və ticarət naziri Şaker Karqar, Milli Təhlükəsizlik Xidmətinin baş direktoru Rahmatullah Nabil ilə görüşlər keçirib.

Səfər zamanı Azərbaycan DSX-nin nümayəndələri Əfqanıstan Polis Akademiyası, Sərhəd Polisinin qərargahı və Kabil beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili ilə tanış olublar.

DSX rəisi general-polkovnik Elçin Quliyev Əfqanıstanın prezidenti Əşrəf Qəni Əhmədzay tərəfindən qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR