BMT Təhlükəsizlik Şurasının Cənubi Osetiya ilə bağlı təcili iclası başlayıb

BMT Təhlükəsizlik Şurasının Cənubi Osetiya ilə bağlı təcili iclası başlayıb
# 08 avqust 2008 08:19 (UTC +04:00)
Nyu-York – APA. Gürcüstanın Cənubi Osetiya ərazisində separatçılara qarşı hərbi əməliyyata başlamasında sonra Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Nyu-York vaxtı ilə saat 23.00-da (Moskva vaxtı ilə saat 07.00-da) iclas başlayıb. BMT-nin baş katibi Pan Gi Mun Gürcüstanın Cənubi Osetiya bölgəsində zorakılığın artmasından ciddi narahat olduğunu bildirib. O, tərəfləri vəziyyəti daha da gərginləşdirəcək və bölgədə sabitliyi pozacaq hərəkətlərdən çəkinməyə çağırıb. Kremlin mətbuat xidməti isə prezident Dmitri Medvedevin hərbi əməliyyatlar zonasında baş verənlərlə bağlı fasiləsiz məlumatlandırıldığını açıqlayıb: “Hazırda Dmitri Medvedevin rəhbərliyi altında Cənubi Osetiyadakı vəziyyətin dinc məcraya qaytarılması, dinc əhalinin, Rusiya vətəndaşlarının, Rusiyanın milli maraqlarının müdafiəsi istiqamətində təcili və kompleks tədbirlər həyata keçirilir”. ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza isə gürcü və osetin tərəfini atəşi dayandırmağa çağırıb: “Biz hazırda yalnız tərəfləri atəşi dayandırmağa çağıra bilərik. Biz başa düşürük ki, Gürcüstan rəhbərliyi xalqı müdafiə etməlidir, amma prezident Saakaşvilinin atəşin dayandırılması haqda deklarasiyası əsasında konstruktiv danışıqlar bərpa olunmalıdır”. M. Brayza Tiflis və Moskva ilə intensiv məsləhətləşmələr apardıqlarını açıqlayıb: “Rusiya tərəfinin çağırışlarına baxmayaraq, Cənubi Osetiya tərəfi provokasiyaları və zorakılığı davam etdirib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR