Anatoli Demyanenko “Neftçi”nin ilk turdakı oyunundan narazı qalıb

Anatoli Demyanenko “Neftçi”nin ilk turdakı oyunundan narazı qalıb
# 10 avqust 2008 11:19 (UTC +04:00)
Bakı. Mehman Süleymanov – APA-Sport. “Komandamın çıxışından narazı qaldım. Belə oynamaq olmaz”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Neftçi” klubunun baş məşqçisi Anatoli Demyanenko Azərbaycan Premyer Liqasında ilk turunda “Standard”a məğlub olduqları oyundan (0:1) sonra deyib. Mövsümə məğlubiyyətlə başlamalarından üzülən 49 yaşlı ukraynalı mütəxəssis futbolçuları mövsümün ilk görüşündə göstərdikləri oyuna görə tənqid edib: “Futbolçularımız hücum etmək əvəzinə topla oynayırdılar. Onlar sanki qol vəziyyətlərini yaratmağı unutmuşdular. İntertoto kuboku mövsümə hazırlıq planlarına mənfi təsir edir. Bu turnirdə çıxışın təsiri mövsümdə özünü göstərir”.

Mövsümə qələbə ilə başlayan “Standard”ın 40 yaşlı gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze isə ilk tura ciddi hazırlaşdıqlarını söyləyib: “Futbolçularım “Neftçi” ilə oyunda özlərini ən yaxşı tərəfdən göstərdilər. Komandam startda əla təsir bağışladı. Mövsümlərarası fasilədə xeyli yaxşı futbolçu transfer etmişik. Ötən mövsümlə müqayisədə iddiamız böyükdür”.

Qeyd edək ki, ötən mövsüm ölkə kuboku da nəzərə alınsa, “Standard”la dörd dəfə görüşən “Neftçi” həmşəhərlilərinə ilk dəfə uduzub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR